Sərhədsiz Reportyorlar: Xədicə İsmayılovanın həbsi informasiya azadlığına zərbədir

Sərhədsiz Reportyorlar:

Təşkilat jurnalistin azadlığa buraxılmasını tələb edən müraciətə imza toplanmasına başlayıb.

"Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə mərkəzi jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasını tələb edən müraciətə imza toplanmasına başlayıb.

Beynəlxalq təşkilatın yaydığı bəyanatda deyilir ki, uzun illərdir X.İsmayılova prezident klanının korrupsiya biznesini araşdırır. Onun həbsi ərəfəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onu xəyanətkar və xarici agent adlandırıb.

“KİV-də plüralizmin məhvi üzrə səylər çərçivəsində İlham Əliyev hökuməti onu həmkarını özünü öldürmə həddinə çatdırmaq ittihamı ilə həbs edib. Bu ittiham, həmçinin əvvəlki ittihamlar absurddur.

X.İsmayılova, həmçinin digər doqquz jurnaıist və beş bloger peşə fəaliyyətinə görə həbsə alınıblar. “Sərhədsiz Reportyorlar” onların dərhal və şərtsiz azadlığa buraxılmasına çağırır”, təşkiların bəyantında deyilir.

“Tanınmış jurnalist Xədicə İsmayılovanı həbs etməklə Azərbaycan hakimiyyəti informasiya azadlığına inananlara və insan hüquqlarına böyük zərbə vurub”, - təşkilatın rəhbəru Kristof Delor bildirib.

“İlham Əliyev hökuməti Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə ölkədə görünməmiş repressiyalar təşkil edib və indi də özünü tam cəzasız hiss edir”, Delor vurğulayıb.

Bəyanatda deyilir ki, X.İsmayılovanın araşdırmaları ən çox İ.Əliyevin qızlarının Azərbaycanda 3G inhisarına sahib Azercell mobil operatoruna sahib olmaları, Çovdar qızıl mədəninin Əliyevlər ailəsinə məxsus olmasına aid olub. Bu mədənin işlənməsi zamanı ekologiyaya ciddi ziyan dəyib, yerli sakinlərdən isə topraq dəyər-dəyməzinə alınıb.

"2013-cü ildə X.İsmayılova beynəlxalq araşdırmaçı - jurnalist konsorsiumunun araşdırmalarında iştirak edib. Müəyyən edilib ki, prezidentin ailəsi Vircin adalarında qeydiyyata alınmış bir çox şirkətə sahibdir. Bu şirkətlər Bakıda tikinti ilə bağlı sərfəli müqavilələr əldə ediblər.

Bütün bu müddətdə X.İsmayılova təqib və qarayaxmalara məruz qalıb. Ona qarşı casusluq, böhtan ittihamları irəli sürülüb. Oktyabrda ölkədən çıxışına qadağa qoyulub və sonra da həbs olunub.

Azərbaycanda hüquq müdafiəçilərinin əksəriyyəti həbs olunduqdan sonra X.İsmayılova siyasi məhbusların siyahısını hazırlamaqda, insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq birliyi məlumatlandırmaqda, siyasi məhbusların ailələrinə yardım göstərməkdə davam edib", bəyanatda göstərilir.