Amnesty İnternational İlqar Nəsibova qarşı ittihamları ləğv etməyə çağırır

Amnesty International:

Təşkilat hesab edir ki, İlqar Nəsibova qarşı ittihamlar saxtadır

Beynəlxalq hüquq təşkilatı olan Amnesty İnternational Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibova qarşı ittihamları ləğv etməyə, jurnalistə hücumu araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə, Azərbaycanda ifadə azadlığına hörmət edib, bu hüququ təmin etməyə çağırır.

Təşkilat hesab edir ki, İlqar Nəsibova qarşı ittihamlar saxtadır.

İlqar Nəsibova qarşı Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi açılıb. Eyni maddə ilə Nəsibovun döyülməsində əli olanlardan biri Fərid Əsgərova da cinayət işi açılıb.

Onlar barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb.

Bir sıra beynəlxalqü təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.