“Azərbaycanda Yayım Mediasının Gələcəyi” adlı milli konfrans (audio)

Forumda yayım mediasında müxtəliflik və plüralizm, ənənəvi və internet media, rəqəmsal yayıma keçid müzakirə edilib
Bakıda “Azərbaycanda Yayım Mediasının Gələcəyi” adlı milli konfrans keçirilib.

Your browser doesn’t support HTML5

"Rəqəmsal yayımda rəqəmli proqramlar" reportajı


Beynəlxalq Mediaya Dəstək təşkilatı (IMS) tərəfindən maliyyələşdirilən və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən həyata keçirilən forumda yayım mediasında müxtəliflik və plüralizm məsələləri, ənənəvi və internet media, rəqəmsal yayıma keçid sahəsində mövcud vəziyyət, problemlər müzakirə edilib.

Konfransda həmçinin ATƏT-in Bakı ofisinin dəstəklədiyi “Yayımda dəyişiklik: Azərbaycanın yayım mediasında fikir müxtəlifliyi və plüralizm sahəsində müzakirələrin aparılması”, Avropa Birliyinin maliyyələşdirdiyi “Yeni medianın inkişafı və regionlara yayılması” layihələri və IMS-in “Azərbaycan mediasında peşəkarlığın və müstəqilliyin artırılması, informasiya müxtəlifliyinin təmin olunması və cəmiyyətə daha dolğun məlumatın çatdırılması” proqramı çərçivəsində debatlar olub.
Müzakirə və debatlarda beynəlxalq təşkilatların, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, İctimai televiziyanın, internet teleradioların, jurnalist təşkilatlarının nümayəndələri, ekspertlər iştirak edib.

“ATƏT-in düşüncəsinə görə, güclü dövlət üçün azad media lazımdır. Bu gün yeni media ənənəvi medianı tamamlayır və cəmiyyətin alternativ məlumatla təmin olunmasında mühüm rol oynayır”, - deyə ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Nikolas Detç bildirib.

Beynəlxalq Mediaya Dəstək (İMS) təşkilatının proqram rəhbəri Gülnarə Axundova ölkədə televiziyaların müstəqilliyinin olmamasını və teleradio yayımı haqqında qanunvericiliyə əməl edilməməsini diqqətə çatdırıb.

“Məhz bu səbəbdən cəmiyyətin alternativ informasiya ilə təmin edilməsində yeni media mühüm rol oynayır. Getdikcə yeni medianın nüfuzu artmaqdadır. Bu səbəbdən də İMS “Gənclərin Səsi” internet radiosunu dəstəkləyir”, - deyə o qeyd edib.

Azərbaycanın teleradio məkanında plüralizm, tezliklərin verilməsi ilə bağlı böyük problemlər yaşanır. 2013-cü ildə ölkədə televiziya yayımı sahəsində analoq yayımdan rəqəmsal yayıma keçiləcək.

“Ancaq bu günədək ictimaiyyət rəqəmsal yayımın hansı standartda olacağı ilə bağlı məlumatlandırılmayıb. Radioların rəqəmsal yayımı ilə bağlı isə ümumiyyətlə məlumat verilmir”, deyə RATİ direktoru Emin Hüseynov bildirib.

O, eyni zamanda televiziya tezliklərinin lisenziyalaşdırlması sahəsindəki problemlərdən danışıb.

“Bir çox ölkələr rəqəmsal yayıma keçiddən sonra lisenziyalaşmanı dayandırır. Azərbaycan hökuməti isə hazırki televiziyaların bəs etdiyini deyir və yeni tezliklərə müsabiqə elan etmir. Mövcud televiziyaların bəs etməsini hökumətmi müəyyən etməlidir, yoxsa bazarmı?”, - deyə E.Hüseynov sual edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Qulam Abdullayev hazırda Azərbaycanda yayım və qəbuledicilərlə bağlı milli standartların hazırlandığını bildirib.

“Hazırda ölkənin 80 faizini əhatə edən 30 rəqəmsal televiziya stansiyası qurulub. Rəqəmsal yayımın qəbulu üçün aztəminatlı ailələrə 130 min dekoderin pulsuz paylanması gözlənilir”, - qeyd edib.

Ekspertlər televiziyaların siyasi təsir altında olduğundan plüralizmi və cəmiyyətin marağını əks etdirə bilmədiyini deyiblər.

“Son illər 4 tezliyə müsabiqə elan edilib və bu tezliklər siyasi nəzarətdə olan televiziyalara verilib. Yeni oyunçular bazara buraxılmır. Mövcud televiziyalar isə cəmiyyətin marağını əks etdirmir. Cəmiyyət obyektiv məlumatları daha çox yeni media və sosial şəbəkələrdən alır. Belə olan halda dövlət tərəfindən maliyyələşən yayımçılara 60 milyon manat ayrılmasının ictimai faydası nədən ibarətdir?”, deyə İREX-in təmsilçisi, media eksperti Ələsgər Məmmədli sual edib.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı televiziyalardakı monopolist mühitin dağıdılmasını vacib sayır.

“Tezliklər bir qurumun əlində cəmləşib. Regionların FM radioları yoxdur. Yeni yayımçılar ortaya çıxmır. Hökumət teleradio məkanını monopoliyasında saxlayır. Proqramların məzmunu ilə bağlı da rəqabət mühiti yoxdur”, deyə o bildirib.

Forumda AZTV-nin fəaliyyəti kəskin tənqid edilib. Bu televiziyanın dövlət büdcəsindən İTV-dən 4 dəfə çox vəsait aldığı və əsasən hökumətin təbliği ilə məşğul olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, Obyektiv və Yurd İnternet televiziyalarının və “Gənclərin Səsi” internet radiosunun rəhbərləri bu televiziyaların seyrçilərinin sayının durmadan artığını qeyd ediblər.

Müzakirələr nəticəsində rəqəmsal yayıma keçilməsi, regionlarda sürətli internet imkanlarının artırılması, yeni tezliklərin müsabiqəyə buraxılması, bazarda rəqabət mühitinin yaradılması vacib hesab edilib.