Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda ifadə azadlığının durumu ilə bağlı növbəti aralıq hesabatını açıqlayıb.
MHİ-in proqramlar üzrə koordinatoru Xalid Ağaliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, hesabatda önəmli olaylardan seçmələr, ifadə azadlığı, xüsusən jurnalistlərlə bağlı məhkəmə işləri yer alıb. “Sənəddə jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması, internetə əl çatımlılıq, internetdə ifadə azadlığının durumu, teleradio sahəsində rəqəmsal yayıma keçidlə bağlı durum şərh olunub”.
Hesabatın “Önəmli olaylardan seçmələr” bölümündə “Xural” qəzetinə qarşı basqılara, qəzetin baş redaktoru Əvəz Zeynallının həbsinə, professor Rafiq Əliyevin hökuməti tənqid edən açıqlamalarından sonra çalışdığı ali məktəbdən kənarlaşdırılmasına, “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə iddialarına, habelə tənqidçi veb resurslara yönəlmiş kiber hücumlara yer verilib.
“Məhkəmə işləri” bölümünə görə, son 4 ayda ifadə azadlığı məzmunlu 38 məhkəmə iddiası üzrə proseslər davam edib. İşlərin böyük əksəriyyəti jurnalistlərin diffamasiya iddialarıyla məhkəməyə verilməsi, yaxud onlara fiziki basqılar edilməsi ilə bağlı şikayətlərə baxılması, eləcədə jurnalistlərin ifadə azadlığından yararlanmasından qaynaqlanan başqa cinayət ittihamları ilə üzləşməsi ilə bağlı olub. Hesabat dövründə 5 jurnalist cinayət ittihamı ilə üzləşib.
Son 4 ayda yazılarına görə məhkəməyə çəkilən mediadan 1 755 000 AZN-dən artıq təzminat istənilib. Həmin iddialara baxan məhkəmələr mediaya mənəvi zərər əvəzi olaraq 35 000 AZN- dən artıq cərimə kəsib. Təzminata məhkum edilən media quruluşları “Xural” və “Yeni Müsavat” qəzetləridir.
Hesabatın “Jurnalistlərə qarşı basqılar” bölümündə qeyd olunur ki, ötən 4 ayda ən azı 31 jurnalist basqıya məruz qalıb. Basqı olaylarının əksəriyyəti onlar peşə fəaliyyətini yerinə yetirərkən baş verib. 4 halda jurnalistlər zorla dövlət qurumlarına aparılıb. 5 halda jurnalistlərin peşə alətləri əllərindən alınıb, peşə alətləri yaddaşın silindikdən sonra qaytarılıb.
Naxçıvan Muxtar Respublikası yenə də jurnalistlərin fəaliyyəti üçün təhlükə vəd edir. Son 4 ayda orada bilgi toplamaq istəyən tənqidçi jurnalistlər demək olar ki, hər addımda basqıya məruz qalıb. Belə ki, basqılar arasında ən çox diqqəti çəkən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Naxçıvanda jurnalistləri İlqar Nəsibov, Elman Abbasov, Həkimeldostu Mehdiyev, Məlahət Nəsibova, “Azadlıq” və “Bizim yol” qəzetlərinin əməkdaşları Ramin Deko və Hacı Zeynalov, “Yeni Müsavat”ın əməkdaşı Leyla İlqar, “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayevadır.
Qeyd olunan basqı olayları ilə bağlı 13 halda hüquq mühafizə orqanlarına müraciət olunub, basqının araşdırılması, günahkarların cəzalandırılması istənilib. Bu müraciətlər üzrə hələ ki, heç kim məsuliyyətə cəlb olunmayıb.
“İnternetin düzənlənməsi” bölümündə bu sahənin əksər istiqamətləri şərh olunur. Hesabatda deyilir ki, ölkədə internet provayderlərinə lisenziya tələbi də qoyulmur. Rəsmən olmasa da demək olar ki, bütün provayderlər dolayısı ilə hökumətə bağlı qurumların nəzarətindədir. Hesabatda o da qeyd edilib ki, bölgələrdə internetin sürəti və servis səviyyəsi çox aşağıdır. Hətta, Bakının mərkəzindən kənarlarda da internetin sürəti ilə bağlı ciddi problemlər var. Domenlərin qeydiyyatında problemlər var. Sənəddə qeyd olunur ki, 3G lisenziyasının verilməsi proseduru şəffaf deyil. Həmçinin, İnternet saytlarına belə basqılar xüsusilə, kütləvi etiraz tədbirləri ilə eyni zamana təsadüf edib.
Hesabatın “Teleradio düzənlənməsi” bölümündə rəqəmsal yayıma keçidin bu sahədəki əsas mövzu olduğu vurğulanır. Sənəddə deyilir ki, Milli Televiziya və Radio Şurasının son bilgilərinə görə, 2012-ci ildə ölkə ərazisində analoq yayım tamamilə dayandırılacaq. Hesabatda bildirilir ki, 2011-2013-cü illəri əhatə edəcək dövlət proqramına görə, ölkədə rəqəmsal yayıma keçid 2 mərhələdən keçəcək.
Sənəddə vətəndaşların rəqəmsal yayımı dəstəkləyən cihazları əldə etməsi ilə bağlı ciddi proeblemlərin yarandığı vurğulanır. Vətəndaşların belə cihazlara necə sahiblənəcəyi bəlli deyil. Rəqəmsal yayıma keçən bir çox ölkələrdə vətəndaşların aztəminatlı kəsiminə bu məsələdə hökumət stimullaşdırıcı tədbirlərlə dəstək verir. Azərbaycanda hələ ki, bununla bağlı gərəkli addımlar atılmayıb. Hesabata görə, artıq rəqəmsal yayım paketləri təklif edən quruluşlar belə cihazların satışına başlayıb. Həm də həmin cihazların qiyməti qonşu ölkələrdən qat-qat baha satılır.
Öz növbəsində, rəsmi hakimiyyət bir qayda olaraq ölkədə media və ifadə azadlığının təmin olunduğunu bəyan edir.