Azərbaycanın media azadlığı indeksi hazırlanıb

Azərbaycanın media azadlığı indeksi hazırlanıb

Media azadlığı indeksin hazırlanmasında hüquqşünaslar, sosioloqlar, ictimai xadimlər və jurnalistlər iştirak ediblər.
"Avropa qonşuluq siyasətinin Şərq regionunda söz azadlığının monitorinqi” layihəsi çərçivəsində "Yeni Nəsil” Azərbaycanın ilk media azadlığı indeksini açıqlayıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin məlumatına görə ekspert sorğusu əsasında tərtib olunan media indeksi hər üç aydan bir təzələnəcək, yerli ictimaiyyətə, beynəlxalq təşkilatlara, o cümlədən ümumavropa təsisatlarına təqdim olunacaq.

Siyasət bloku 8 meyar üzrə qiymətləndirilib. (Konstitusiya və digər qanunlarda başlıca zəmanətlərin olması; söz azadlığı prinsiplərinə zidd və KİV-in fəaliyyətini əsassız məhdudlaşdıran qanunların mövcudluğu; senzura orqanlarının mövcudluğu və öncədən senzuranın tətbiq edilməsi; media azadlığını məhdudlaşdıran qərarların çıxarılması, həmçinin rəsmi şəxslərin belə qərarların qəbul edilməsinə çağırışlarının tezliyi və s.). '

Ekspertlər bu sahədə vəziyyəti 120 balla qiymətləndiriblər (maksimal göstərici – 240 bal).

Praktika bloku 37 meyar üzrə qiymətləndirilib. (KİV əməkdaşlarının öldürülməsi, oğurlanması, döyülməsi və s. fiziki hücumlar; saxlanılması, təqibi və şantajı; təqiblərdə hakimiyyətin iştirakı; jurnalistlərə qarşı qanunsuz əməllər törədənlərin cəzalandırılması üçün lazımi tədbirlərin görülməsi; KİV və onların əməkdaşlarının məhkəmə təqibi, o cümlədən peşə fəaliyyəti ilə əlaqədar həbslər, cərimələr, informasiya mənbələrini açıqlamağa məcbur edilmə halları; informasiya əldə etmək hüququnun pozulması; o cümlədən reklam bazarının sərbəstliyi və s.).

Ekspertlər bu sahədə vəziyyəti 320 balla qiymətləndiriblər (maksimal göstərici – 1110 bal).

Teleradioyayımın və yeni medianın KİV sistemində xüsusi rolu nəzərə alınaraq onların fəaliyyət sahəsində söz azadlığının səviyyəsi ayrıca dəyərləndirilib.

Teleradioyayım bloku 5 meyar əsasında qiymətləndirilib (ictimai televiziyanın, özəl yayım şirkətlərinin müstəqilliyi; tənzimləyici orqanların rolu; efirdə plüralizm; rəqəmli yayıma keçid konsepsiyası). Ekspertlər teleradio sahəsində media azadlığının səviyyəsini 40 bala layiq görüblər (maksimal göstərici – 150 bal).

İnternet və yeni media bloku da 5 meyar üzrə qiymətləndirilib (İnternet azadlığını məhdudlaşdıran qanunvericilik normalarının, tənzimləyici qurumların mövcudluğu; bloqçuların, fəal internet istifadəçilərinin təqib edilməsi; internet xidmətlərinin göstərilməsi sahəsində monopoliya; internet informasiya mənbələrinə girişin məhdudlaşdırılması; internetdən istifadə şərtləri).

Ekspertlər internet sahəsində media azadlığının səviyyəsini 43 balla qiymətləndiriblər (maksimal göstərici – 150 bal).

Yekun indeks bloklar üzrə balların cəmlənməsi yolu ilə hesablanıb (ümumilikdə 55 meyar).Avropa Qonşuluq Siyasətinin Şərq regionu ölkələrində Media Azadlığı İndeksinə görə Azərbaycan 5-ci yerdədir.