İntiqam Əliyevin Meydan romanı [Müsahibə]

Hüquq müdafiəçisi, keçmiş məhbus İntiqam Əliyev roman yazıb. O, "Meydan" adlandırdığı romanı İntiqam Əli imzası ilə təqdim edib.

Romanın əsas qəhrəmanı Sara adlı xanımdır. Hüquq fakültəsinin tələbəsi olan Saranın atası Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Onların dörd nəfərlik mehriban ailəsi düzənli həyat sürür. Romanda həssas mövzularda müxtəlif ictimai debatlara qatıldıqdan sonra Saranın baxışlarında köklü dəyişikliklərin baş verməsindən bəhs olunur.

Əsərdə insanların günahsız yerə şərlənib həbs edilməsi olaylarına geniş yer verilir.

İniqam Əliyev Amerikanın Səsinə müsahibəsində romanından danışır.

Amerikanın Səsi: İntiqam bəy, romanınız nədən bəhs edir?

Azadlıqların sıxıldığı ölkədə dözümsüzlük, fobiya meylləri güclənir, insanlarda dövlətə, qanunlara inam və etimad azalır, dəyərlər deqradasiyaya uğrayır, özbaşınalıq mühitində hər kəs potensial qurbana çevrilir.

İntiqam Əliyev: Əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə, ailədə, insanlar həyatında baş verən deqradasiya prosesləri barədədir. Azadlıqların sıxıldığı ölkədə dözümsüzlük, fobiya meylləri güclənir, insanlarda dövlətə, qanunlara inam və etimad azalır, dəyərlər deqradasiyaya uğrayır, özbaşınalıq mühitində hər kəs potensial qurbana çevrilir. Bu cür deqradasiya şəraitində ayrı-ayrı insanların taleləri fonunda cəmiyyətdəki faciələri, o cümlədən seçki, siyasi məhbus, ailədə və cəmiyyətdə dinin rolu və digər mövzularla bağlı cəmiyyətin yaşadığı təlatümlər, sarsıntılar, onların səbəbləri barədə “Meydan”da oxucularla söhbətə çalışmışam.

Amerikanın Səsi: Necə oldu roman yazmaq fikrinə düşdünüz?

Orada da görürdüm ki, hamı oxuyur: siyasi məhbusu da, dələduzu da, narkomanı da, başkəsəni də. Ora hər hansı müxalifət qəzetini və ya hansısa məqalə olan vərəqi keçirmək müşkül məsələdir, amma “Patriarxın payızı”, “1984-ü” istənilən məhbus oxuya bilir.

İntiqam Əliyev: Azadlıqda olanda son vaxtlar heç kitab oxumağa vaxtım olmurdu, qaldı roman yazmaq eşqinə düşəm. Həbsdə ağlıma gəldi. Məhbus həyatının xeyli yaxşı tərəfi var, biri də odur ki, gen-bol vaxtın olur, oxuhaoxu, nə barədə istəyirsən və nə qədər istəyirsən düşün. Orada da görürdüm ki, hamı oxuyur: siyasi məhbusu da, dələduzu da, narkomanı da, başkəsəni də. Ora hər hansı müxalifət qəzetini və ya hansısa məqalə olan vərəqi keçirmək müşkül məsələdir, amma “Patriarxın payızı”, “1984-ü” istənilən məhbus oxuya bilir. Yeri gəlmişkən, çöldə də vəziyyət eynidir. Bir ara özüm də hiss elədim ki, müsahibələrdə, yazılarda, çıxışlarda öz dediklərim özümü də bezdiribsə, gör indi başqaları nə çəkir. Amma o qəzetdə yazılanları sən ədəbiyyatın dilinə çevirəndə, böyrünə məsəlçün, bir az sevgi-məhəbbət, bir az göz yaşları, bir az romantika, bir az da başqa ədviyyat (gülür) qatanda, həmin o mesajları daha çatımlı dildə və daha böyük auditoriyaya ötürmək olar.

Yeri gəlmişkən, düşünmürəm ki, bu kitabın həbsxanaya, məsələn Seymur Həzinin, Bayram Məmmədovun, İlkin Rüstəmzadənin və başqa dostlarımın əlinə düşmək ehtimalı var. Təkcə, elə kitabın adı bəsdir. Sən indi gəl kiməsə başa sal ki, bu Meydan o Meydan deyil, bu xoruz döyüşlərinin keçirildiyi meydandır (gülür).

Bir də ki, Samosa, Qomes, Franko barədə kimin nə yazması bizdə kimsəni heç ilgiləndirməz. Təki özümüzdən yazılmasın.

Amerikanın Səsi: Qayıdaq həbsxanaya. Belə anladım ki, romanı həbsxanada yazmısız.

İçəridə daim nəzarətdəsən, az qala hər gün şəxsi əşyaların axtarılır, hər görüşə, məhkəməyə gedəndə də, özün də, yanına gələnlər də ciddi yoxlanılırlar.

İntiqam Əliyev: Həm hə, həm də yox. Oranın pis işi odur ki, orda o boş vaxtdan bəhrələnib yazdığın şeyi çölə ötürmək olmur. İçəridə daim nəzarətdəsən, az qala hər gün şəxsi əşyaların axtarılır, hər görüşə, məhkəməyə gedəndə də, özün də, yanına gələnlər də ciddi yoxlanılırlar. Bəlkə sevgi-məhəbbətdən nəsə yazmaq fikrinə düşsən, adamın şansı olar. Amma ciddi yazı-pozunun çölə ötürülməsi mümkünsüz bir şeydir. Mənim yazmaq istədiyim şey də məhəbbətdən deyildi. Ona görə nə yazırdımsa, beynimdə yazmalı olurdum. Beyində də ancaq skeletini çəkə bilirsən. Azadlığa çıxandan sonra skelet hazır idi, ətə-qana doydurdum.

Amerikanın Səsi: Hansı müddətə yazdınız romanı?

İntiqam Əliyev: Çox çəkmədi. Həbsdən çıxandan sonra dördüncü ayda qaralama variantı hazır idi. Redaktə işi xeyli vaxtımı aldı. Yazmaqdan daha çətini bu oldu mənim üçün. Məhz bu prosesdə romançılığın əlifbasını öyrənməyə başlayırsan. Bədii əsər bu işə girişəndən tamam fərqli vərdişlər istəyir. Bu, nə elmi ədəbiyyatdır, nə jurnalistika, nə də hətta bədii ədəbiyyata çox yaxın görünə bilən publisisitika. Mən bunların hamısı ilə yaxşı-pis məşğul olmuşam. Onların karıma gəlmədiyini deyə bilmərəm, əksinə. Amma o vərdişlərin bu işdə adama mane olduğu, düz yolundan sapdırdığı tərəfləri də az deyil. Bu, tamam fərqli bir şeymiş. Necə ki, kitab oxumaq, ədəbiyyatdan saatlarla danışmaq, sitatlar gətirmək bir şeydi, yazmaq bir şey. Ona görə, oxucular tapılsa, keçsinlər günahımdan.

Amerikanın səsi: Onu Nərgiz Yaqubluya ithaf etmisiniz.

Nərgiz daha yaxşılarına layiqdir. Və əminəm ki, onun və onun kimi vaxtsız itirdiyimiz çox dəyərli insanlarımıza həsr olunacaq böyük əsərlər qabaqadadır.

İntiqam Əliyev: Bu fikir ağlıma gələndən əsəri çox sevdiyim Nərgiz Yaqubluya ithaf etməyi düşünürdüm. Nərgiz daha yaxşılarına layiqdir. Və əminəm ki, onun və onun kimi vaxtsız itirdiyimiz çox dəyərli insanlarımıza həsr olunacaq böyük əsərlər qabaqadadır.

Amerikanın Səsi: Davamı gələcəkmi?

İntiqam Əliyev: Beynimdə həbsdən qalma daha bir neçə ideya var. Amma “Meydan”ın üzərində işləyən zaman anladım ki, romançılıq peşədi və onunla elə peşə kimi ciddi məşğul olmaq gərəkdir. Mən hüquq peşəsinə əgər günümün azı 8-10 saatını həsr edirəmsə, roman yazmaq istəyirəmsə, buna heç olmasa gündə onun yarısını sərf etməliyəm. Gün ərzində yüz iş görüb, gecə saat 2-də, 3-də buna vaxt ayırmaqla yaxşı əsər yazmaq çətindi. Oxucuların rəyindən də çox şey asılıdır, “get işinlə məşğul ol” desələr, gərək buraxam bu işin başını.

Xatırlatma:

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, vergidən yayınmaqda, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə ittihamlar irəli sürülüb.

İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi “vicdan məhbusu” elan edib.

2016-cı ilin martında ona qarşı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılıb.