Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, İsveçrə, Norveç, Moldova, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliya səfirlikləri Bakıda ilk dəfə İMAGİNE Avro Tolerantlıq Festivalı keçirir. IMAGINE Avropa Tolerantlıq Festivalının məqsədi müxtəlif incəsənət nümunələri ilə mədəniyyətlərarası dialoq və tolerantlığın dəyərlərini təşviq etməkdir. Bu barədə Avropa İttifaqnın Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
IMAGINE Avropa Tolerantlıq Festivalı oktyabrın 12-dən 20-dək keçiriləcək.
Bu, Azərbaycanda indiyədək keçirilmiş ən böyük beynəlxalq festivallardan biridir. Tolerantlığa daha çox diqqət yetirməklə, müxtəlif incəsənət janrları - kino, musiqi, rəqs və ifa vasitəsilə mövzu öz əksini tapacaqdır.
"Fəxrlə deyirəm ki, Bakı 12-20 oktyabr tarixlərində tolerantlığın paytaxtına çevriləcəkdir. IMAGINE Avropa Tolerantlıq Festivalı üçüncü ölkədə Aİ tərəfindən dəstəklənən və təşkil olunan ilk festival olacaqdır. Tolerantlıq Günlərində gəlib mənə qoşulun", Avropa İttifaqınınAzərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Festivalın proqramı çərçivəsində Aİ və Azərbaycandan olan yaradıcı insanlar arasında fikir mübadilələri, debatlar aparılacaq, görüşlər təşkil edilələk. Festival günlərində 34 film nümayiş etdiriləcək, Belçika, Latviya, Litva, Polşa, İsrail, eləcə də Azərbaycandan olan tanınmış film rejissorları, produser və aktorlarla 9 debat sessiyası keçiriləcək, ölkədə səfərdə olan musiqiçilərin iştirakı ilə 6 konsert, 2 seminar və 1 teatr tamaşası təşkil ediləcəkdir. 18 oktyabrda Festival çərçivəsində tolerantlıq mövzusunda İmagine Foto/Video müsabiqəsinin qalibləri mükafatlandırılacaq.