Nuşirəvan Məhərrəmli: Elə ziyalılarımız, məmurlarımız var ki, fikirlərini ana dilində tam ifadə edə bilmir

Nuşirəvan Məhərrəmli

Azərbaycanda ədəbi dil normaları sovet dövründə ciddi şəkildə qorunurdu, amma müstəqillik əldə etdikdən sonra televiziyalarda məişət xarakterli verilişlərin meydana gəlməsi dilimizə də təsir etdi.

Trend agentliyinin məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli televiziya verilişlərinə yarı Azərbaycan, yarı xarici dilli iştirakçıların dəvət edilməsini də doğru hesab etmir:

"Verilişdə iştirak edənlər Azərbaycan dilini səlis bilməlidirlər. Bəzən aparıcılar da yenilik gətirmək və tamaşaçıları cəlb etmək üçün xarici sözlərdən istifadə edirlər. Ancaq bu doğru deyil. Bu işdə ziyalılarımızın da laqeydliyindən narahatam. Elə ziyalılarımız, məmurlarımız da var ki, fikirlərini ana dilində tam ifadə edə bilmirlər. Hesab edirəm ki, bu, cəmiyyətimizi narahat edən bir amil olmalıdır. İnsanlar televiziyada deyilənləri doğru hesab edirlər. İstər şou proqramı, istərsə də mətbəx verilişləri olsun, aparıcılar Azərbaycan dili normalarını bilməlidir", o qeyd edib.