İran Azərbaycanında yüzlərlə mədən işçisi piket keçirib

İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərində yüzlərlə mədən işçisi piket və tətil keçirib.

Şərqi Azərbaycan vilayətinin Vərziqan bölgəsindəki Süngün mis mədəni və Qərbi Azərbaycanın Tikantəpə şəhərinin yaxınlığında yerləşən Ağdərə qızıl mədənində çalışan işçilər həmkarlarının işdən çıxarılmasına etiraz olaraq piket təşkil ediblər.

“İran İşçilərinin Azad Birliyi”-nin Telegram kanalında yayılan xəbərə görə, Süngün mis mədəninin podratçı şirkətlərinə çalışan təqribən 2 min işçi bazar günündən bəri tətil aksiyası keçirərək həmkarlar ittifaqı fəalı olan 60 işçinin işdən çıxarılmasına etiraz bildirirlər.

SEE ALSO: Şərqi Azərbaycan vilayətində yüzlərlə işçi piket keçirib

İranın ikinci ən böyük qızıl mədəni olan Tikantəpənin Ağdərə mədənində keçirilən piket haqqında məlumatı isə İLNA xəbər agentliyi yayıb.

“Bazar ertəsi günü noyabrın 22-də Ağdərə qızıl mədəninin işdən çıxardığı bir qrup işçi piket təşkil edərək özləri və işsiz qalan digər həmkarlarının hüquqlarını tələb ediblər,” agentlik bildirib.

İLNA-nın xəbərinə istinadən, işdən çıxarılan işçilər mədənin yaxınlığında yerləşən kəndlərin sakinləridirlər.

SEE ALSO: İranın Qərbi Azərbaycan vilayətində Ağdərə mədəninin 100 işçisi işdən çıxarılıb

İşçilərin dediyinə görə, “Ağdərə mədəni dörd mövsüm çalışan sabit işçilərini başqa bölgələrdən gətirir, amma yerli işçilər mövsümi olaraq çalışır və ilin 6 ayı işsiz qalırlar.”