Vətəndaşlar güzəştli şərtlərlə mənzil əldə edə biləcək

Binalar

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılıb.

Dövlət başçısının aprelin 11-də imzaladığı “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanda deyilir ki, yeni agentliyin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti də yaradılıb.

Fərmana əsasən, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sistemi və xətləri dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək. Cəmiyyətin sərəncamına verilən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatı da dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.

Mənzil İnşaatı Dövlət Agentliyi Cəmiyyətin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təkliflər hazırlayacaq.