“MDB müşahidəçisi rəqəmlərin saxtalaşdırılmasına kömək edirdi” [Audio-müsahibə]

NİDA Hərəkatı (Foto NİDA-nın Facebook səhifəsindən götürülüb)

N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ramin Hüseynov parlament seçkiləri barədə Amerikanın Səsinə müsahibə verib

“Dünən keçirilənə seçki deməyə də adam utanır. Buna pis təşkil olunmuş bir teatr da demək olardı”. Bu sözləri Amerikanın Səsinə müsahibədə N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ramin Hüseynov deyib. Onun sözlərinə görə, N!DA əvvəlcədən normal seçkilərin keçiriləcəyi ilə bağlı müsbət fikrə malik deyildi və sonradan da elə bir illüziyaya qapılmayıb. Seçkiyə insanlarla ünsiyyət qurmaq üçün qoşulduqlarını bildirən N!DA üzvü buna baxmayaraq 8 namizədlərindən yalnız ikisinin qeydə alındığını və ilk basqıları elə o zaman gördüklərini deyib.

Your browser doesn’t support HTML5

N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ramin Hüseynov parlament seçkiləri barədə Amerikanın Səsinə müsahibə verib

Ramin Hüseynov - N!DA Vətəndaş Hərəkatının üzvü

Seçki gününə gəldikdə isə o, səsverməni tamaşa adlandırıb: “Bəlkə də yaxından iştirak etdiyim üçün daha detallara varıram, amma hesab edirəm ki, Azərbaycan seçki tarixində bəlkə də ən biabırçı seçkilərdən biri idi. Yəni çox pis təşkil olunmuş bir oyun idi. Biz bunu seçki hesab etmirik, nəticələrini də sözsüz ki, tanımırıq”.

Noyabrın 1-də keçirilən səsvermədə bəzi N!DA üzvlərinin öz etirazlarını seçki bülletenlərində ifadə etməsindən də danışan Ramin Hüseynov bunun təşkilatları tərəfindən öncədən hazırlanmış kampaniya olmadığını bildirib.

“N!DA təşkil etdiyi kampaniya olsaydı daha geniş, böyük bir rezonansı olardı. Bir neçə nəfər üzvün seçkilərin qeyri-şəffaf keçirilməsinə qarşı kreativ etiraz forması idi”.

Səslərin sayılması zamanı MDB müşahidəçi qrupundan bir nəfər var idi. Orada bizim müşahidəçilər səslərin normal sayılmaması ilə bağlı narazılığını bildirirdi. Həmin müşahidəçi bir dəfə başını qaldırıb soruşmurdu ki, nə baş verir. Hətta belə bir gülünc vəziyyət oldu ki, o, komissiya üzvünə kömək edirdi ki, rəqəmlərin saxtalaşdırılmasını necə edə bilərsiniz ki, protokolda normal olsun. Saylar düz gəlmirdi, qarışıq vəziyyət yaranmışdı. Bu vəziyyətin ümumi mənzərəsi idi”
Ramin Hüseynov

Ramin Hüseynovun sözlərinə görə, bu etirazların şəklini Facebook səhifəsində paylaşan iki nəfər bu gün polisə çağırılıb. “Hakimiyyət seçkidən bir gün keçməmiş narazılığını dərhal biruzə verdi. Onlar əvvəlcə polisə çağırılmışdı, oradan da Bakı Baş Polis İdarəsinə çağırıb bir neçə saat saxlayıb, daha sonra sərbəst buraxılıblar. Hakimiyyət hər hansı etiraz üsulundan narahat olur. Hakimiyyət bilir ki, illərlə aldatdığı insanlar bir onlara qarşı gözlənilməyən yerdən zərbə vuracaq. Ona görə də belə narahatdır”.

Ciddi mövqeyi olan beynəlxalq qurumların iştirakı olmadan keçirilən səsvermə zamanı müşahidəçi olan Ramin Hüseynov maraqlı hadisələrlə qarşılaşdığını da deyir. “Səslərin sayılması zamanı MDB müşahidəçi qrupundan bir nəfər var idi. Orada bizim müşahidəçilər səslərin normal sayılmaması ilə bağlı narazılığını bildirirdi. Həmin müşahidəçi bir dəfə başını qaldırıb soruşmurdu ki, nə baş verir. Hətta belə bir gülünc vəziyyət oldu ki, o, komissiya üzvünə kömək edirdi ki, rəqəmlərin saxtalaşdırılmasını necə edə bilərsiniz ki, protokolda normal olsun. Saylar düz gəlmirdi, qarışıq vəziyyət yaranmışdı. Bu vəziyyətin ümumi mənzərəsi idi”.

Ramin Hüseynov Azərbaycanın siyasi gələcəyini şərh etməyin çətin olduğunu da bildirib.