Avropa və Qərb ümumilikdə Cənub enerji dəhlizinə mane olmaq və ya fəaliyyətinə əngəl törədilməsi ilə bağlı Rusiyanın cəhdlərinin qarşısını alacaq. Bu barədə Bakıda səfərdə olan Böyük Britaniyanın energetika naziri Maykl Fellon jurnalistlərlə söhbətində bildirib.
“Bildiyiniz kimi, Rusiya Ukraynadakı hərəkətlərinə görə sanksiyalara məruz qalıb və sanksiyalar genişləndirilə bilər. Bu sanksiyalar ilə Moskvaya çox aydın şəkildə başa saldılar ki, Şərqi Ukraynada eskalasiya üzrə istənilən gələcək addımlar yeni sanksiyalara səbəb ola bilər”, britaniyalı nazir vurğulayıb.
“Bu cür tərəfdaşdan asılılığı azaltmaq üçün Avropa Rusiyadan enerji asılılığını azaltmaq istəyir. Odur ki, biz alternativ mənbələr və alternativ ixrac yolları axtarırıq”, o qeyd edib.
Fellon Bakıda iki gün qalacaq və prezident İlham Əliyevlə, həmçinin energetika, rabitə, maliyyə nazirləri, SOCAR rəhbərliyi, müxtəlif biznes qurumlarla görüşlər keçirəcək.
“Səfərdə məqsədim yaxşı səviyyədə olan ikitərəfli münasibətlərin gələcəkdə möhkəmləndirilməsidir. Lakin biz onların gələcək inkişafını və yeni qaz layihələrində iştirakı istəyirik. Eyni zamanda yalnız neft-qaz sahəsində əməkdaşlıq ilə kifayətlənmək istəmirik. Söhbət infrastruktur, maliyyə, qeyri-ənənəvi enerji istehsalı, yeni texnologiyalar sahəsində əməkdaşlıqdan gedir. Britaniya şirkətlərinin çoxu bu sahələrdə çalışmaq istəyir. Hazırda Azərbaycanda 300-dək şirkətimiz fəaliyyət göstərir, lakin onların sayı daha çox ola bilər”, Fellon qeyd edib.
Azərbaycandan Avropaya enerji resurslarının daşınması layihələrində İranın iştirakının mümkünlüyü barədə Turanın müxbirinin sualının cavabında Fellon deyib ki, Tehran nüvə proqramını yumşaltdıqdan sonra İran ətrafında vəziyyət yaxşılaşıb. “Hələlik bu sahədəki öhdəliklərini həyata keçirməyib və biz ümid edirik ki, bu baş verəcək”.
Sonra nazir deyib ki, London İranda öz səfirliyini açmaq qərarına gəlib. Əgər proses müsbət məcrada gedərsə İranın qaz ixracı layihələrində iştirakı real ola bilər.
Transxəzər qaz kəmərinin perspektivləri barədə sualın cavabında Fellon deyib ki, bu məsələ Azərbaycan və Türkmənistan arasında müzakirə olunmalıdır. “Hər iki ölkə onu tikməyə razıdır. Bizə gəlincə, biz, avropalılar enerji daşıyıcılarının nəqli marşrutlarının çox olmasında maraqlıyıq. Odur ki, biz bu layihəyə strateji və siyasi dəstək göstərəcəyik. Biz Cənub enerji dəhlizi layihəsinin reallaşmasında Azərbaycanın lider rolunu görürük bu, bizim Rusiya qazından az asılı olmağımıza kömək edir”, nazir vurğulayıb.
Britaniya şirkətlərinin Azərbaycanda korrupsiya problemini necə həll etməsinə dair sualın cavabında nazir bildirib ki, şirkətlərin nümayəndələri ilə söhbət edib. “Bürokratiya bütün dünyada mövcuddur və bütün dünyada biznesdə bu cür hallarla üzləşir. Lakin mənə korrupsiya ilə bağlı şikayət etmədilər. Kiçik bürokratik əngəllərə gəlincə, bunu sizin nazirlərlə söhbətlər zamanı həll edəcəyik”, Fellon bildirib.