Maykl Kohenin federal prokurorlarla Tramp Təşkilatını müzakirə etdiyi deyilir

Maykl Kohen

The New York Times-ın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Maykl Kohen ötən ay Manhettendə federal prokurorlarla görüşüb və onlara Trampın ailə biznesindəki qanunauyğunsuzluqlar barədə məlumat verib.

Qəzet məsələ ilə bağlı məlumatı olan insanlara istinad edərək bildirib ki, Nyu Yorkun Cənubi Mahalındakı prokurorlar Kohenə vençur kapitalisti və prezidentin inaqurasiya komitəsinin donoru İmaad Zuberi barədə də suallar verib.

Tramp Təşkilatının keçmiş işçisi Kohen prokurorları şirkətin illər ərzində sığorta şirkətlərinə iddiaları ilə bağlı məlumatla təmin edib. Qəzetdə bildirilir ki, Kohenin mümkün qanunauyğunsuzluqlarda Trampın adını çəkdiyinə dair heç bir işarə yoxdur.

Manhettendəki ABŞ prokurorunun sözçüsü Ceyms Marqolin məsələ ilə bağlı şərh verməkdən imtina edib. Tramp administrasiyasının sözçüsü Amanda Miller də qəzetin şərh tələbinə cavab verməyib.

Qəzetdə bildirilir ki, Kohenlə görüş onu göstərir ki, prokurorlar Tramp Təşkilatının 2016-cı il prezident seçkilərindən öncə Trampla intim münasibətləri olduğunu iddia edən qadınlara ödənilən qanunsuz susmaq pulundakı rolundan əlavə məsələlərlə bağlı məlumatlarla da maraqlanır.

Kohen ötən il kampaniya maliyyə qanunlarını pozan ödənişlər etməkdəki günahını etiraf edib. Onun üç illik həbs cəzasının may ayında başlayacağı gözlənilir.

The New York Times bildirir ki, prokurorlar Kohendən həmçinin Trampın inaqurasiya komitəsinə 900 min dollar ianə edən və Kohenə ayrı 100 min dollarlıq çek yazan Zuberi ilə bağlı suallar verib.

Zuberinin sözçüsü Stiv Rabinovitz deyib ki, onun müştərisi Kohenə mümkün vəkil xidməti qarşılığında öncədən qonorar ödəyib. Kohen Zuberini Nyu Yorkda mümkün daşınmaz əmlak investisiyalarında təmsil etməyi təklif edib, amma Zuberi müqaviləni imzalamayıb.

Rabinovitz deyib ki, federal prokurorlar Zuberini inaqurasiya və ya Kohenlə əlaqələri barədə sorğu-sual etməyib.