Mayk Pompeo: Xaşuqcinin ölümünə dair sübutların əldə olunması bir neçə həftə çəkə bilər

ABŞ Dövlət Katibi Mayk Pompeo deyir ki, səudiyyəli jurnalist Camal Xaşuqcinin öldürülməsinin arxasında olanlara qarşı sanksiyalar tətbiq etmək üçün kifayət qədər sübutun əldə olunması bir neçə həftə çəkə bilər.

Xaşuqcinin cəsədi boğulma nəticəsində ölümdən sonra hissələrə parçalanıb və yox edilib.
İrfan Fidan, İstanbulun baş prokuroru

Cümə axşamı St. Louis radiostansiyasına müsahibə verən Pompeo ABŞ administrasiyasının faktları araşdırmağa davam etdiyini söyləyib.

Xaşuqci keçən ay Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna Türkiyəli nişanlısı ilə evlənmək üçün daxil olduqdan sonra öldürülüb.

Türkiyə rəsmilərinin sözlərinə görə, İstanbulun baş prokuroru İrfan Fidan üçgünlük Türkiyə-Səudiyyə danışıqlarından sonra Xaşuqcinin cəsədinin harada olduğu və onu kimin öldürdüyü barədə heç bir cavab tapmayıb.

Arxiv fotosu-Səudiyyəli jurnalist Camal Xaşuqci İsveçrədə Davoq İqtisadi Forumunda

ABŞ Səudiyyə Ərəbistanından Xaşuqcinin cəsədinin yerini açıqlamasını və onun tez bir zamanda ailəsinə təhvil verilməsini tələb edir.

Türkiyə Səudiyyə Ərəbistanını Xaşuqcinin qətli ilə əlaqədar həbs edilmiş 18 nəfəri ekstradisiya etməyə çağırıb.