Mayk Pompeo Sergey Lavrovla Venesuela böhranını müzakirə edib

ABŞ dövlət katibi Mayk Pompeo Venesuelada siyasi böhranla bağlı iki ölkə arasında yaşanan gərginliyi müzakirə etmək üçün bazar ertəsi rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Hər iki yüksək səviyyəli diplomat xarici ölkənin Venesuelaya müdaxiləsini istəmədiklərini bildirib.

“Mən açıq şəkildə bildirdim ki, Venesuela demokratiyaya layiq ölkədir. Heç bir xarici qüvvə bu ölkəni istiqamətləndirməməli və ya daim hərbi yolla ölkəyə müdaxilə etməməlidir. Ona görə də biz Kubanın oradan çıxmasını istəyirik. Biz İranın və Rusiyanın oradan çıxmasını istəyirik. Biz bu barədə müzakirə apardıq və biz maraqlarımızın məsələnin həllinə yol tapa bilməsi ilə bağlı müzakirələrə başladıq. Mən doğru nöqtəyə gəlib çıxacağımızı deyə bilmərəm, amma biz müzakirələri davam etdirəcəyik”- deyə, Mayk Pompeo bildirib.

Görüşdən sonra Rusiya xarici işlər naziri Lavrov da öz növbəsində müxbirlərə bildirib ki, o, Pompeoya ABŞ hərbi qüvvələrinin Venesuelaya müdaxiləsinin fəlakətli və əsassız olacağı ilə bağlıı xəbərdarlıq edib.