Mayk Pens BMT-ni Xuan Quaydonu legitim ölkə başçısı kimi tanımağa çağırıb

ABŞ-ın vitse-prezidenti Mayk Pens BMT-ni demokratiyanı müdafiə edərək, Venesuelanın müxalifət lideri Xuan Quaydonu legitim ölkə başçısı kimi tanımağa çağırıb.

Xuan Quaydonun prezidentliyinin legitimliyi tanınmalı və onun təmsilçisinə BMT-də yer verilməlidir

"Digər beynəlxalq qurumlar hərəkətə keçərkən BMT və Təhlükəsizlik Şurası bundan imtina edir" - deyə, Pens BMT-nin Təhlükəsizlik Şurasında bildirib.

ABŞ-ın çağırışı ilə keçirilən toplantıda vitse-prezident deyib ki, Xuan Quaydonun prezidentliyinin legitimliyi tanınmalı və onun təmsilçisinə BMT-də yer verilməlidir.

Pens Amerikanın BMT-nin Quaydo hökumətini tanıması üçün qətnamə üzərində işlədiyini bildirib. O, Venesuela xalqına dəstək verməklə, azadlıq və demokratiyanın bərpasına səsləyib.

Xuan Quaydo

Lakin ABŞ-ın Təhlükəsizlik Şurasında məsələni qaldırıb-qadırmayacağı bəlli deyil. Belə ki, Rusiya bununla bağlı qərara veto tətbiq edə bilər.

BMT-nin prosedurlarına görə, hökumətlərin nümayəndələri təşkilatın səlahiyyət komitəsinin razılığını əldə etməlidir. Prezident Maduronun təmsilçisinin səlahiyyətinin ləğvinə Baş Assambleyada baxılmalıdır.

İndiyədək ABŞ-la bərabər 54 ölkə Quaydonu rəsmən prezident kimi tanıyıb.

BMT-nin 193 üzvünün nə qədərinin Amerikanın təklif etdiyi qətnaməni təsdiqləyəcəyi hələ ki, sual altındadır. Belə ki, bir çox ölkə bunu digər bir ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.