Matuto qrupu Azərbaycanda konsert verir

Matuto qrupu

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi “Amerika Musiqisinin Elçiləri” proqramının bir hissəsi kimi Matuto musiqi qrupunun 20-30 sentyabrda Azərbaycana səfərini dəstəkləməkdən böyük məmnunluq duyur. Musiqi qrupu növbəti iki həftə ərzində Azərbaycanda altı konsert proqramıilə çıxış edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yaıb.

Matuto qrupunun möhtəşəm səhnə şousu 2011-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Womex Beynəlxalq Musiqi Konfransında onlara böyük uğur qazandırıb. Bundan başqa, qrup 2012-ci ildə ABŞ Dövlət Departamentinin “Amerika Musiqisinin Səfirləri” təyinatı ilə Qərbi Avropa, Şimal-Şərqi Braziliya və Şərqi Avropa səhnələrində konsert proqramı ilə çıxış edib.

Matuto qrupu

Matuto qrupunun musiqisi bütövlükdə rəqs üzərində qurulub. Braziliya foxo rəqs elementləri və Amerikaya məxsus bluegrass musiqi janrından mükəmməl şəkildə yaratdıqları ritm hər bir tamaşaçını dərhal rəqs etməyə sövq edir. İstifadə etdikləri musiqi alətləri bir-biri ilə vəhdət təşkil edərək, irəli-geri yırğalanır, sanki gərginlik ətrafında fırlanır: Braziliya musiqi köklərinin latın sinkopasiyası ilə Amerikanın cənub folklor ənənələri arasında harmoniya. Bu, kağız üzərində nə qədər qəribə görünsə də, səhnədə öz yerini tapan Amerikanın Braziliya ilə görüşüdür.

“ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq çıxış edəcək Matuto musiqi qrupunun səfəri Amerika və Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanın güclənməsinə töhfə verəcək”, məlumnatda qeyd edilir.

Qrupun Bakı, İsmayıllı, Mingəçevir və Gəncəyə səfəri planlaşdırılıb. Səfər zamanı qrup ictimai konsertlər verəcək, yerli musiqiçilər üçün ustad dərsləri təşkil edəcək.