ABŞ-ın müdafiə naziri Pakistandadır

Pakistanın baş naziri Şahid Xaqan Abbasi ölkəsinin terrora qarşı mübarizədə öhdəliklərinə sadiq qaldığını bildirib.

Şahid Xaqan Abbasi bu açıqlamanı Pakistanda səfərdə olan Birləşmiş Ştatların müdafiə naziri Cim Mattislə görüşdən öncə verib. Abbasi ABŞ müdafiə nazirinə Vaşinqton və İslamabadın "eyni ümumi məqsədlərə malik olduğunu" bildirib.

Mattis danışıqlarla bağlı ictimaiyyətə heç bir şərh verməyib.

Pakistana səfərindən əvvəl bazar günü Qahirədə dayanan Mattis Misir prezidentinə bu yaxınlarda Bir Əl-Əbid məscidində törədilmiş terror hücumu ilə əlaqədar başsağlığı verib və təhlükəsizliklə bağlı narahatlıqları müzakirə edib.

ABŞ müdafiə nazirinin bölgəyə səfərinin əsas məqsədi Əfqanıstanda ABŞ və koalisiya qüvvələrinə qarşı hücumlar həyata keçirən militant qruplarla əlaqələrə son qoymaq üçün Pakistana təzyiq göstərməkdir.