Mariupolun hakimiyyət orqanları: Rusiya ordusu şəhər sakinlərini zorla Rusiyadakı “filtrasiya düşərgəsi”nə aparır

Mariupol hökumətinin bildirdiyinə görə, Rusiya ordusu şəhərin minlərlə sakinini zorla Rusiyadakı “filtrasiya düşərgələri”nə aparır. Mariupol Şəhər Şurasının məlumatında əsasən şəhərin Sol Sahil rayonunun sakinlərinin çıxarıldığı deyilib.

“Ümumilikdə 15 minə yaxın Mariupol sakini qeyri-qanuni deportasiyaya məruz qalıb. Bu, Sol Sahil rayonunda olan sakinlərin təxminən yarısıdır” - deyə, hesabatda bildirilib.

Şəhər rəhbərliyi insanların “ultimatum şəklində” avtobuslara mindirildiyini, pasportlarının və digər Ukrayna sənədlərinin əllərindən alındığını, sonra “filtrasiya düşərgələrinə” aparıldığını, oradan isə Rusiyanın müxtəlif regionlarına götürüldüklərini iddia edir. Şəhər Şurasının məlumatına görə, artıq Rusiyaya 6000-ə yaxın insan deportasiya edilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi həmin gün rusiyayönlü separatçıların nəzarətindəki Donetsk vilayətinin Dokuçayevsk rayonunda filtrasiya düşərgəsi” nin yaradıldığı barədə məlumata malik olduğunu bildirib.

Ukrayna Müdafiə Nazirliyi nümayəndələrinin dediyinə görə, sənədləri əllərindən alınan ukraynalılar Rusiya Federasiyası Təhlükəsizlik Bürosu əməkdaşlarının “işlədiyi” düşərgəyə göndərilir. Bundan əlavə məlumatda deyilir ki, düşərgədəki insanlar əsasən Rusiya Federasiyasının Taqanroq (Rostov vilayəti) və Krasnodar diyarına, daha sonra isə Rusiya Federasiyasının iqtisadi cəhətdən depressiyaya uğramış bölgələrinə aparılır.

"Bir sıra şimal vilayətləri, xüsusən də Saxalin son təyinat yeri kimi göstərilib. Ukraynalılar məşğulluq mərkəzləri vasitəsilə rəsmi olaraq işlə təmin olunur. Razı olanlara iki il ərzində Rusiya regionlarını tərk etməyi qadağan edən sənədlər verilir" - deyə, Müdafiə Nazirliyindən bildirib. Bu məlumat hələ müstəqil şəkildə təsdiqlənməyib.

Ukraynanın Azov sahillərində yerləşən Mariupol şəhəri həftələrdir ki, blokadadadır. Davamlı bombardmanlar geniş miqyaslı dağıntılara səbəb olub, rabitə, istilik, elektrik sistemləri işləmir, ərzaq çatışmazlığı yaşanır. Şəhərdə humanitar fəlakət hökm sürür.

Ukrayna hökuməti insanları Ukraynanın daha təhlükəsiz bölgələrinə aparmaq üçün humanitar dəhlizlər barədə razılığa gəlməyə çalışsalar da, həmin dəhlizlərdən keçərkən insanlar davamlı atəşə məruz qalır.