Maqnitoqorskda bina uçması səbəbi ilə ölənlərin sayı 8-ə çatıb

Maqnitoqorskda bina uçqması səbəbi ilə ölənlərin sayı 8-ə çatıb. Xilasetmə işləri müvəqqəti ertələnib, çünki dağıntıların yerindən oynayacağı, binanın daha çox hissəsinin çökə biləcəyi barədə narahatlıq var. Bu açıqlamanı yanvarın 1-də Fövqəladə Hallar naziri Yevgeniy Ziniçev verib.

Onun sözlərinə görə, xilasetmə işlərinin təhlükəsizliyinə əmin olan kimi davam edəcəklər.

Maqnitoqorskda uçmuş binanın dağıntıları altında 35 nəfərin qaldığı xəbər verilir

Dekabrın 31-də hadisə yerinə gedən Prezident Vladimir Putin xəstəxanada yaralılara baş çəkib.

“Xalqımızın xasiyyəti belədir, Yeni il şənliklərinə baxmayaraq, indiki məqamda yaralıları və ölənləri düşünürlər”, o deyib.

Baş nazir Dmitri Medvedev hadisə qurbanlarına yardım məqsədiylə hökumət komissiyasının yaradılmasına göstərişi verib.

Region qubernatoru Boris Dubrovski itkin düşənlər arasında yeddi uşağın olduğunu bildirib.

Fövqəladə Hallar naziri Yevgeni Ziniçevin sözlərinə görə, dağıntıları təmizləmək azı 48 saat çəkəcək.

Dubrovski deyib ki, hazırda xilasedicilərin üzləşdiyi əsas problemlər mənfi 26 dərəcə şaxta və binanın qalan hissəsinin uçmaq təhlükəsidir. Xilasetmə əməliyyatları aparılarkən dağıntılar altında sağ qalma ehtimalı olanlara görə əraziyə böyük qızdırıcılar yerləşdirilib.

“Bacardığımız qədər sürətlə işləməliyik, çünki temperatur bizə yubanmağa imkan vermir”, Fövqəladə hallar nazirinin müavini Pavel Barışev jurnalistlərə deyib.

1973-cü ildə tikilmiş binada 1100 nəfərin yaşadığı bildirilir.

Binanın zədələnməyən yerlərindən 16 nəfər xilas edilib, bir neçə nəfər isə özü qaçaraq canını qurtara bilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın orta hissəsindən üçüncü mərtəbədən 10-cu mərtəbəyədək 48 mənzil dağılıb.

Maqnitoqorsk Moskvadan 1700 kilometr cənub-şərqdə yerləşir.