“FED-in qərarı manata təzyiqləri artıracaq, devalvasiya riski yüksəkdir”- ekspert rəyləri

Federal Ehtiyat Sistemi (FED)

Dekabrın 14-də Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini və ya bank faizini qaldırıb.

Federal Ehtiyatların Açıq Bazar Komitəsi minimum faizi 25 bal qaldıraraq 0,50

Federal Ehtiyat Sistemi (FED)

faizlə 0,75 faiz arasına çatdırıb.

Federal Ehtiyatlar 2017-ci il üçün də daha üç dəfə qalxımı proqnozlaşdırıb.

FED-in uçot dərəcəsini qaldırmasının Azərbaycana hansı təsirləri olacaq? Amerikanın Səsi bu sualla ekspertlərə müraciət edib.

İqtisadçı ekspert Qulu İbrahimli bildirib ki, Azərbaycan hökumətinin FED-in qərarını bəhanə edib manatı kəskin ucuzlaşdırma ehtimalı böyükdür, fürsəti buraxmaya bilər.

Qulu İbrahimov

“Həm də şaxtalı hava şəraiti də buna imkan verir. Ötən dəfə də şaxtalı, qarlı günlərə saldılar. İlin axırı olduğundan, məcburdurlar məzənnəni artırsınlar ki, ilin sonuna Mərkəzi Bankın balansı qismən düzəlsin. FED-in bizə təsiri az olar, kiçik iqtisadyyatıq, bizdə qiymətli kağızlar bazarı da yoxdur”, o Amerikanın Səsinə deyib.

İqtisad elmləri doktoru Vüqar Bayramov bildirib ki, FED-in uçot dərəcəsini artırması ilə manata psixoloji təsir yüksələcək.

Vüqar Bayramov

“Bu həmçinin daxili valyuta bazarında dollar tələbinin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”, ekspert deyib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu yazır ki, son 1 ayda iqtisadiyyatda tənəzzül dərinləşib, dövlət büdcəsinin kəsiri, inflyasiya və işsizlik artıb.

“Bu dövr üçün ən neqativ tendensiya sənaye istehsalında böhranın başlaması və bu bölmədə tənəzzülün dərinləşməsidir. Beləliklə də, həm ÜDM-də və həm də qeyri-neft ÜDM-ində eniş bir az da artaraq müvafiq

Qubad İbadoğlu

olaraq, mənfi 3,9 faiz və mənfi 5,6 faizdə qərarlaşıb. Bu ilin sonuna yaxınlaşdıqca makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır. Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir. Yeri gəlmişkən, dünən FED uçot dərəcələrini 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb”, ekspert qeyd edib.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, FED uçot dərəcəsində 0,25% artıma getdi, bu gözlənilən idi.

Natiq Cəfərli

“Amma ən önəmli mesaj budur, - FED 2017-ci ildə uçot dərəcəsini 3 dəfə artıracağını bildirib, hamı 2 dəfə artacağı mesajını gözləyirdi”.

Ekspert hesab edir ki, manatın dəyərdən düşməsi sürəti artacaq.

“Neftin bahalaşması baş verməyəcək, bu da gəlirlərin azalmasına təsir edəcək”, o deyib.

Maliyyə məsələləri üzrə ekspert Samir Əliyevin fikrincə, manata təzyiq artacaq.

Samir Əliyev

“Bazarda gərginlik olacaq , amma ötən dekabrdakıhadisəni (devalvasiya-red) gözləmirəm. Yəqin ki ilin sonuna kimi manat bu templə ucuzlaşmaqda davam edəcək. Mən kəskin devalvasiya gözləmirəm, amma istisna da etmirəm. Olsa da səbəb FED-in qərarı olmayacaq. Hər şey hökumətin davranışından asılı olacaq. Manat ucuzlaşmaqda davam edəcək, indiki templə, yoxsa daha kəskin, onu zaman göstərəcək”, ekspert təxmin edir.

Iqtisadçi Əkrəm Həsənov FED-in qərarından sonra ilin sonunadək kəskin devalvasiya ehtimalını yüksək hesab edir.

“Çünki büdcəni doldurmaq lazımdır”, ekspert qeyd edib.