Mərkəzi Bank manatın ucuzlaşdırılması siyasətinə başlayıb

ABŞ dolları

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 17-dən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Belə ki, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir.

AMB sədri E.Rüstəmov "Financial Times"-a müsahibəsində deyib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq.

AMB rəhbəri deyib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib:

"Burada avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək".

Sədr bildirib ki, cari ilin əvvəlindən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması məqsədilə 1 mlrd. dollar həcmində vəsait xərcləyib.

2014-сü ilin 18 dekabrından manatın dollara nisbətdə rəsmi məzənnəsi $1- 0,7844 AZN səviyyəsində saxlınılırdı. Fevralın 16-da dollar 0,05% bahalaşaraq 0,7848 AZN/USD təşkil edib.