Həmid Mənafi və Behnam Şeyxi Tehranın Evin həbsxanasına qaytarılıb

COVİD -19 pandemiyasına qarşı tədbirlər çərçivəsində məzuniyyətə buraxılan türk dil haqları fəalları Həmid Mənafi Nadarlı və Behnam Şeyxi bir aylıq məzuniyyət müddətinin bitməsi ilə yenidən Tehranın Evin həbsxanasına göndəriliblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, iki fəal cümə axşamı günü həbsxanaya qayıdıblar.

Mənafi və Şeyxi keçən oktyabr ayında məzuniyyəti buraxılmışdılar. Keçən noyabr ayının 24-də onların məzuniyyət müddəti bir ay daha uzadılmışdı.

Onlar iyul ayının 21-də Əlirza Fərşi ilə bərabər Tehranda nəzarət altına alınaraq Evin Həbsxanasına göndərilib. Mənafi, Şeyxi və Fərşi dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum ediliblər.

SEE ALSO: Tehran məhkəməsi türk fəallara həbs və sürgün cəzası verib

Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Həmid Mənafi 2015-ci ilin aprel ayında Amerikanın Səsinə müsahibədə nəzarət altına alındıqları zaman, habelə daha sonra təhlükəsizlik qurumunda saxlanıldıqları günlərdə işgəncə və pis rəftara məruz qaldıqlarını bildirmişdi.