Bu il Man Asiya Ədəbiyyat mükafatına iki türk yazıçısı, Nobel mükafatı laureatı Orhan Pamuk və Türkiyənin ən çox oxunan qadın yazıçılarından biri olan Elif Şəfəq namizəd göstəriliblər. Asiyanın bu prestijli ədəbiyyat mükafatına namizəd göstərilən 15 yazıçı arasında Pamuk yeganə Nobel mükafatı laureatıdır.
2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Orhan Pamuk 1983-cü ildə yazılan, lakin ingilis dilində ilk dəfə bu il çap olunan “Səssiz ev” romanına görə, Elif Şəfəq isə “İskəndər” romanına görə Asiya ədəbiyyat mükafatına namizəd göstəriliblər. Qərbin ədəbi dairələrinə 2006-cı il Nobel mükafatından əvvəl də tanış olan Orhan Pamuk müasir dövrün ən gözəl yazıçılarından biri hesab edilir. Səkkiz romanın müəllifi olan Elif Şəfəqin kitabları dünyanın 30 dilinə tərcümə edilib.
Man Asiya ədəbiyyat mükafatına layiq görülən yazıçı 30 min dollar, tərcüməçi isə 5 min dollar alır. Mükafatın qaliblərinin adları mart ayında açıqlanacaq.
Man Booker ədəbiyyat mükafatı Britaniyada 43 il bundan əvvəl təsis edilib.