Malavi fermerləri itirdikləri məhsul gəlirlərini kiçik qızıl mədənlərində əldə etməyə çalışır. Kəndlilər qonşu ölkələrə satmaq üçün bu qiymətli metalı yeri qazaraq axtarır. Lakin hökumət lisenziyasız qızıl mədənlərindəki işlərə qadağa qoyur.
Mərkəzi Malavinin Netenci sakinləri iş icazəsi olmayan xarici vətəndaşları bölgədən çıxardıqdan sonra iyul ayından bəri qızıl axtarışına özləri başlayıb. Lakin sakinlərin çoxunun fermer olmasına baxmayaraq, onların mədən işləri üçün lisenziyası yoxdur.
Quraqlıq və zərərvericilərin məhsulu zay etməsindən sonra Eyunis Stafford kimi fermerlər qızıl axtarışına başlayıb. “Mənim məktəb yaşlı uşaqlarım var. Mən onları dolandıra bilmirəm. Buna görə də mən bir az qızıl tapmaq üçün gecə-gündüz işləyirəm. Mən bu pula onlara dəftər və sabın ala bilərəm.”
Qızıl axtarmaq üçün kiçik torpaq sahələrini kirayəyə götürən kəndlilər tapdıqları qızılı satmaq üçün vasitəçi axtarmalıdır.
Alıcıların bəziləri qonşu Mozambik, Tanzaniya və Zambiyadan gəlir. “Bəzi günlər mən evə 14, bəzən 7, bəzən də 3 dollarla gedirəm. 3 dollar mənim qarşılaşdığım maddi problemləri həll etmək üçün böyük puldur” - deyə, Eyunis Stafford bildirir.
Lesenziyası olmayan qızılaxtaranlar deyirlər ki, Malavinin bəzi fermerlərinin maddi vəziyyəti xeyli yaxşılaşıb. Kəndin icma başçısı Mkem Çipala: “Məsələn, mənim kəndimdə cəmi 4 evin dəmirdən damı var idi. İndi isə 10 evin damı dəmirdəndir. İki nəfər isə motosiklet alıb.”
Lakin Malavi hökuməti qeyri-qanuni qazma işləri ilə mübarizəyə qalxıb. Mədən Nazirliyinin sözçüsü Sanqvani Firinin dediyinə görə, fermerlər təhlükəli yollardan istifadə edir. “Onlar yeri qazarkən böyük torpaq qalağını ətrafa yığır. Qazdıqları yer dərinləşdikdən sonra həmin torpaq qalağı onların üzərinə tökülür və onlar torpağın altında qalır. Beləliklə torpağın altında üç qadın qalıb.”
Polis və ordu hazırda lisenziyasız kəndliləri mədənlərdən uzaqlaşdırır. Lakin bu vəziyyət digər gəlir mənbələri olmayan fermerlərlə rəsmilər arasında gərginlikləri artırır.