Makrona şillə vurulub

Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı ölkənin cənubunda səfərdə olarkən vətəndaşlarla görüş zamanı bir kişi tərəfindən şillələnib. Hadisənin videosu sosial mediada yayılıb.

Makronun təhlükəsizlik xidməti təcili olaraq kişini yerə yıxıb və prezidenti ondan uzaqlaşdırmaq üçün müdaxilə edib. BFM TV və RMC radio yayımçıları xəbər verir ki, hadisə ilə əlaqədar iki nəfər həbs olunub.

Fransa Baş naziri Jan Kasteks hadisənin demokratiyaya qarşı təhqir olduğunu deyib.

Hadisə Makron Fransanın cənub-şərqindəki Drom bölgəsindəki restoran işçiləri və tələbələrlə görüşərək, COVID-19 epidemiyasından sonra həyatın necə normala döndüyünü nəzərdən keçirdiyi vaxt baş verib.

Sosial mediada yayılan videolarda Makronun metal bir səddin arxasında toplanmış insanlara doğru getdiyi görünür. Prezident yaşıl köynəkli, eynəkli və üzü maskalı bir kişini salamlamaq üçün əlini uzadır. Həmin şəxsin "Rədd olsun Makroni" ("A Bas La Macronie") qışqırığı eşidilir və bundan sonra o, prezidentin üzünə şillə vurur.

Bu an Makronun iki mühafizəçisi yaşıl köynəkli adamı yıxır, digəri isə prezidenti izdihamdan kənarlaşdırır. Lakin Makron insidentdən sonra bir neçə saniyə daha izdihamın yaxınlığında qalır və onun baryerlərin o biri tərəfində başqa birisi ilə danışdığı görünür.

Prezident administrasiyası Makrona zərbə vurmaq cəhdinin olduğunu desə də, əlavə şərh verməkdən imtina edib.

Prezidenti vuran şəxsin kimliyi və hadisənin motivləri hələ ki, aydın deyil.