Makron Ərdoğana: Atəşkəs Afrinə də aiddir

Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə birgə mətbuat konfransında, 5 yanvar, 2018.

Fransa bildirib ki, Rusiya öz nüfuzundan istifadə edərək Suriya hökumətinin BMT-nin dəstəklədiyi atəşkəsə əməl etməsini təmin etməlidir. Rəsmi Paris eyni zamanda Türkiyəyə atəşkəsin Afrin bölgəsində kürd üsyançılarına qarşı əməliyyatlara da iad olduğunu çatdırıb.

“Prezident humanitar atəşkəsin Afrin də daxil olmaqla, Suriyanın hər yerinə aid olduğunu və ona hər yerdə hamı tərəfindən ləngimə olmadan əməl edilməli olduğunu vurğulayıb”, Fransa prezidenti Emmanuel Makronun ofisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra bildirib.

Afrin

Makron Suriya hökumətini Şərqi Qutada xəstəxanalar və mülki əhaliyə qarşı hücumlar davam etdirildikcə BMT-nin qətnaməsini pozmaqda ittiham edib. Fransa prezidenti zorakılıqların daha geniş regional münaqişəyə çevrilmədən son çatdırılmalı olduğunu bildirib.

“Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, dəstəklədiyi Suriya rejimi ilə bağlı bütün məsuliyyətlərini öz üzərinə almalıdır”, Makronun ofisinin açıqladığı bəyanatda deyilir.

Fransanın xarici işlər naziri İv Le Drian atəşkəsə əməl olunmasını təmin etmək yollarını müzakirə etmək üçün çərşənbə axşamı günü Rusiyaya səfər edəcək.

BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı səsvermə

Fransa rəsmilərinin bildirdiyinə görə, Le Drian Britaniya, Fransa, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar tərəfindən BMT-nin başçılığı ilə sülh danışıqlarının bərpasına hazırladığı sənədi müzakirə edəcək.

Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, dəstəklədiyi Suriya rejimi ilə bağlı bütün məsuliyyətlərini öz üzərinə almalıdır.

BMT Təhlükəsizlik Şurası fevralın 24-də qəbul etdiyi qətnamədə bildirir ki, Suriyanın münaqişə bölgələrində humanitar yardımların çatdırılması və tibbi evakuasiyalar üçün “dərhal” 30 günlük atəşkəs bərqərar edilməlidir.

BMT-in baş katibi Antonio Quterreş döyüşlərin dərhal dayandırılmasına çağırıb. O, hökumətlərin Təhlükəsizlik Şurasının Suriyada 30 gün müddətində atəşkəsə dair qətnaməsinə əməl etməməsini tənqid edib.