Birləşmiş Ştatlar prezidenti Donald Tramp bildirib ki, İslam Dövləti qrupu Yaxın Şərqdə məğlub edilib və militantlar Afrika və dünyanın başqa yerlərinə üz tutur. Lakin ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Makmaster deyib ki, ekstremist qrupun Yaxın Şərqdə məğlub edilməsi regionda terrorizmin sonu demək deyil. Makmaster Əl-Hurra televiziyasına müsahibəsində İranın regionda təhlükəli rolunu qeyd edib.
Prezident Tramp Texas ştatına yola düşməzdən əvvəl müxbirlərin suallarına cavab verərək, ABŞ-ın İraq və Suriyada İŞİD-in məğlub edilməsi səylərindən danışıb.
“Biz İŞİD-i Yaxın Şərqdə məhv edirik. Onlar Afrikanın bəzi hissələrinə və başqa yerlərə gedir. Onlar oraya gedəndə biz də orada onların qarşına çıxacayıq.”
İraq və Suriya ərazisində İslam xilafəti yaratmağa cəhd edən İŞİD bu ölkələrin bəzi yerlərini dağntılara məruz qoyub. Lakin ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Makmaster bildirib ki, İŞİD regionda yeganə mənfi qüvvə deyil.
“Hamının bildiyi kimi, iranlılar da İraqın dövlət təsisatları və onların funksiyalarına müdaxilə edib təxribat törədilməsi, eləcə də İraq hökumətinin nəzarətindən kənarda olan hərbi dəstələrin yaradılmasında çox iş görüblər.”
Makmaster deyib ki, İranın dəstəklədiyi hərbi qüvvələr İraqın şimalında kürdlərin yaşadığı ərazilər kimi yerlərdə təriqət zəminində iğtişaşlar yaradır.
“Onlar Kürdüstan regional hökumətində parçalanma yaradılmasında, Süleymaniyyədə Kürdüstan Vətənpərvəlik Cəbhəsinin bölünməsində və sonra da bu parçalanmadan öz maraqları üçün istifadə edilməsində siyasi rol oynayıb. Buna görə də bu, narahatlıq yaradır.”
Makmasterin bildirdiyinə görə, İran İraq, Suriya və Yəmən də daxil olmaqla bütün regional münaqişələrə müdaxilə edib. O bildirib ki, Tehranın bu qeyri-sabitləşdirici rolunun qarşısı İranın Livanda Hizbullah terror qrupu kimi regionda öz əlaltılarını gücləndirə bilməsindən əvvəl alınmalıdır.
“Biz oktyabrın 23-cü ABŞ hərbi dəniz piyadaları və Fransanın desant qüvvələrinin, dağıdıcı müharibəyə son qoymaq üçün oraya getmiş əsgərlərin ölümülə nəticələnmiş hücumun 34-cü ildönümünü qeyd edirdik. Lakin Hizbullah həmişə olduğu kimi özünü Livanın şiə icmasının mühafizəçisi və müdafiəçisi kimi göstərə bilməsi üçün münaqişənin davam etdirilməsini istəyirdi. Beləliklə, bu bomba hücumu, bu kütləvi qırğın Livan xalqını daha yeddi il müddətinə ölümlə nəticələnən vətəndaş müharibəsinə məhkum etdi.”
Bu günlər Səudiyyə Ərəbistanı və Qətərə səfəri zamanı ABŞ dövlət katibi Reks Tillerson İranın regionda nüfuzunun qarşısının alınması üçün Körfəz ölkələri və onların qonşuları arasında əlaqələrin daha da yaxınlaşmasına təşviq edib.