Senator Makkeyn: Türkiyədə nümayişlər demokratiya tələbindən irəli gəlir

ABŞ-ın nüfuzlu senatoru Con Makkeyn deyib ki, Rəcəp Tayyib Ərdoğan türk xalqının böyük hissəsinin gözündə baş nazir deyil, daha çox diktator kimi görünür
ABŞ-ın nüfuzlu senatoru Con Makkeyn Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanı tənqid edərək, Gezi parkı aksiyalarını ölkədə kifayət qədər demokratiyanın olmaması ilə izah edib.

Vaşinqtonda Brukinqs institutunda “ABŞ-ın Yaxın Şərqdə strategiyası” mövzusunda çıxış edən Arizona senatoru Türkiyədə baş verən hadisələrə münasibətini bildirərək, adi oturaq aksiyadan ölkəni bürümüş nümayişlərin təəccüb doğursa da, əslində demokratiya tələbindən irəli gəldiyini deyib.

“Heç kəs bunun Türkiyədə baş verəcəyini gözləmirdi. Tamamilə aydındır ki, bu, Ərdoğanın türk xalqını islama sürükləməsinə müqavimətdir”-deyə respublikaçı senator bildirib.

Con Makkeyn Türkiyə əhalisinin bir hissəsinin baş nazir Rəcəp Tayyib Ərdoğana avtoritar lider kimi baxdığını deyib. “Mən Türkiyəni sevirəm. Ölkənin iqtisadiyyatı, onun inkişafına baxanda möhtəşəmdir. Amma fikrimcə, cənab Ərdoğan türk xalqının böyük hissəsinin gözündə baş nazir və ya bir prezident deyil, daha çox diktator kimi görünür.”

Senator Türkiyə hökumətinin bu yaxınlarda spirtli içkilərə məhdudiyyətlər qoyması və ölkədə mətbuat azadlığının durumuna da münasibətini bildirib. “Türkiyədə həbsdə olan jurnalistlərin sayı Yaxın Şərqin hər hansı bir ölkəsindən daha çoxdur. Onun həm yazılı mətbuatı, həm də məhkəməyə verməklə başqa media vasitələrini qorxutduğuna heç bir şübhə yoxdur”-deyə Arizona senatoru əlavə edib.