Makedoniyada ölkənin adının dəyişdirilməsinə dair səsvermənin tarixi bəlli oldu

Makedoniya parlamenti Yunanıstanla əldə olunmuş razılaşmaya əsasən ölkənin adının dəyişdirilməsinə dair ümumxalq səsverməsi – referendumun sentyabrın 30-da keçirilməsi barədə hökumətin təklifini qəbul edib.

120 yerlik parlamentdə 68 deputat iyulun 30-da referendumun keçirilməsinə dair qanuna səs verib. Referenduma belə bir sual çıxarılmalıdır: “Siz NATO və Avropa İttifaqına, habelə ölkənina adının Yunanıstan-Makedoniya razılaşması əsasında dəyişdirilməsinə rəğbətlisinizmi?”

Parlament səsverməsindən əvvəl baş nazir Zoran Zaev jurnalistlərə demişdi ki, Yunanıstanla uzun sürən mübahisənin başa çatması Makedoniyaya Avropa İttifaqı və NATO-ya qoşulmaq imkanı verəcək. Əvvəllər Makedoniyanın bu arzusu onun hazırkı adı ilə razılaşmayan Yunanıstan tərəfindən bloklanırdı.

Yunanıstan və Makedoniya arasında bağlanmış sazişə görə Makedoniyanın yeni adı Şimali Makedoniya olmalıdır.

Makedoniya parlamenti tərəfindən ratifikasiya edilmiş sazişə müxalifətdə olan millətçi VMRO-DPMNE partiyası etiraz edir.

Bu partiya məsələnin referenduma çıxarılmasından da narazıdır.

Partiyanın millət vəkilləri səsvermədə iştirak etməyiblər.

VMRO-DPMNE partiyası sədrinin müavini Aleksandar Nikolovski AzadlıqRadisouna deyib ki, referendumun sualı çox bəsit olmalı idi: “Siz Yunanıstanla ad dəyişikliyi barədə imzalanmış sazişə tərəfdarsınız, ya yox?”