Mahmud Bilgin: Lətif Həsəni və yoldaşları Güneydə təşkilatlanmanın vacibliyini önə çəkdilər

Mahmud Bilgin

İran Azərbaycanında siyasi təşkilat qurmaq ittihamı ilə Rəcayi-şəhr həbsxanasında 8 il həbsdə saxlanılan türk fəal Lətif Həsəni bu yaxınlarda sərbəst buraxıldı.

Your browser doesn’t support HTML5

Mahmud Bilgin: Lətif Həsəni və yoldaşları Güney Azərbaycanda təşkilatlanmanın önəmini önə çəkdilər

İsveçdə yaşayan siyasi fəal Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə, Lətif Həsəni və yoldaşlarının 2010-cu ildən bəri üzləşdikləri basqıları şərh edib.

Lətif Həsəni

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəni 2013-cü ilin ilk həftələrində təşkilatın Mərkəzi Komitə üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadə ilə birlikdə nəzarət altına alınaraq “milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qruplaşma təşkil etmək” ittihamı ilə mühakimə edildilər.

Dostlarımız beləcə təşkilatlanmanı önə çəkdilər. Göstərdilər ki, biz təşkilatlanmanı əsas tuturuq. Düşünürəm ki, onların mübarizəsi heçə getməyib. Böyük bir uğur əldə edilib. Təşkilatlanma haqq qazanıb.

Mahmud Bilgin hesab edir ki, Həsəni və yoldaşları ağır basqılara dayanaraq İran Azərbaycanında təşkilatlanmanın önəminin ortaya qoydular.

“Lətif bəy Həsəni digər yoldaşları ilə birlikdə 2010-cu ildə 14 nəfər olaraq tutulmuşdular ki, 18 ay işgəncə və zindandan sonra buraxıldılar. Buraxılandan sonra, belə bir düşüncəyə vardılar ki, biz bu fəaliyyətləri İran konstitusiyası çərçivəsində bir Azərbaycan partiyası kimi davam edək. İçlərindən 5 nəfər məsul olaraq bunu gündəmə gətirdilər və bu qərara gəldilər ki, partiya qurmaq üçün İranın Daxili İşlər Nazirliyinə müraciət etsinlər. Amma, bunu sadəcə mediada gündəmə gətirmişdilər ki, nazirliyə müraciət etmədən tutulub və həbsə məhkum oldular ki, siz Azərbaycan adına partiya qurmaq istəyirsiniz,” Bilgin söyləyir.

SEE ALSO: Mahmud Bilgin: Güney təşkilatları arasında əməkdaşlıq artır, keçmişdə təcrübəsiz idik

Mahmud Bilgin Yeni GAMOH təşkilatının başqanı və mərkəzi komitə üzvlərinin həbs müddətində qarşılaşdıqları təzyiqlər və keçirdikləri aclıq aksiyalarına diqqət çəkərək deyir ki, “dostlarımız çox basqılar gördü. Aclıq aksiyaları keçirdilər. Fikirləşin ki, Lətif bəy Həsəni, Azərbaycanın fədakar insanı, ömrünün 10 ilini zindanda keçirib 2010-dan bəri. Baş əyməyib. Əyilməyib. Öz düşüncəsini möhkəmcə müdafiə edib. Dostlarımız beləcə təşkilatlanmanı önə çəkdilər. Milli hədəflərimizlə yanaşı bunu da göstərdilər ki, biz təşkilatlanmanı əsas tuturuq... Düşünürəm ki, onların mübarizəsi heçə getməyib. Böyük bir uğur əldə edilib. Təşkilatlanma haqq qazanıb.”

Əgər bizim fəallar sosial mediadan çıxıb və Türkiyədəki böyük partiyalar kimi də yox, hətta Türkiyənin o çox kiçik partiyaları qədər şəhərlərimizdə təşkilatlana bilələr, bu rejimin sonu gələr.


İranda demokratik ölkələrdəki mənada siyasi partiyalar mövcud deyil. Bilgin bunun İslam Resbublikasının mahiyyətinə zidd olduğunu vurğulayır. O, siyasi təşkilatlanmanın qadağan olduğu İranda türk fəalların stadionlar və sosial media kimi platformalardan effektiv şəkildə istifadə etdiyini ifadə edir.

“Elə ki, məsələn Türkiyədə siyasi partiyalar var, AKP, CHP və MHP kimi, İranda heç bir qüvvənin belə bir təşkilatı yoxdur. Sadəcə İran rejiminə aid qüvvələrin təşkilatları var. Təşkilatlar, ümumiyyətlə, xaricdədir. Yəni əgər bizim fəallar sosial mediadan çıxıb və Türkiyədəki böyük partiyalar kimi də yox, hətta Türkiyənin o çox kiçik partiyaları qədər şəhərlərimizdə təşkilatlana bilələr, bu rejimin sonu gələr. Yəni rejim təşkilatlanmanı qəbul etməz. Rejimin mahiyyəti ilə cür gəlməz,” deyə, siyasi fəal qeyd edir.

Türkləri əgər digər qeyri-fars qruplar, hətta farslar ilə müqayisə etsək, o icmaların aparıcı təşkilatları xaricdədir. Əvəzində bizim içəridə gücümüz qat-qat artıqdır. Siyasi hərəkatlar başlatmaqda daha güclüyük. Bunu ən son Qarabağ məsələsində gördük.


Bütün bunlara baxmayaraq, Bilgin, “Güney Azərbaycan Milli Hərəkatının” İran daxilindəki digər siyasi qüvvələrə nisbət toplumda daha artıq nüfuza sahib olduğunu vurğulayır. Onun sözlərinə görə, digər etnik icmalarda əsas siyasi ağırlıq xaricdəki siyasi təşkilatlarda ikən, türk icmasının əsas siyasi ağırlığı ölkə daxilindədir.

“Mən düşündürəm ki, daxildə bizim milli hərəkatımızın ağırlığı daha çoxdur. İçəridə təşkilatlanma zəif olsa da, mən aparıcı qüvvəmzin içəridə olduğunu düşünürəm. Türkləri əgər digər qeyri-fars qruplar, hətta farslar ilə müqayisə etsək, o icmaların aparıcı təşkilatları xaricdədir. Əllərində maddi imkanlar çoxdur. Təşkilatları daha güclüdür. Türklərin xaricdəki təşkilatlarının müəyyən çətinlikləri və zəiflikləri var. Əvəzində bizim içəridə gücümüz qat-qat artıqdır,” Mahmud Bilgin əlavə edir.