‘Övladlarımın şəklini yayıb, ‘vətən xaininin uşaqları’ yazmışdı...’

Maqsud Mahmudov

Ukraynada tutularaq Azərbaycana gətirilən və hazırda məhkəmə önünə çıxarılan keçmiş işadamı Maqsud Mahmudovun işində zərərçəkənlər arasında müğənnilər də var. İddia olunur ki, Mahmudov onları şantaj edərək, pul istəyib, bəzilərindən alıb. İndi həmin müğənnilər bir-bir sabiq işadamının məhkəməsində dindirilir.

Əməkdar artist Vasif Məhərrəmli martın 9-da onun məhkəməsində ifadə verib. Deyib ki, Mahmudov ondan 1000 manat pul alıb.

“Sonra Manafdan və Afət Fərmanqızıdan pul istədi”

Zərərçəkmiş qismində ifadə verən müğənni deyir ki, Mahmudov şəhid ailələrinə baş çəkməməsini ona irad tutub:

"İddia edirdi ki, guya mən Tbilisi prospektində üçotaqlı ev alıb, orada əlavə qadın saxlayıram. Yalan informasiya idi. Soruşdum ki, bu məlumat hardandı? Dedi, bir xanımdan alıb. Söz vermişdi ki, adını öyrənib deyəcək".

Əməkdar artist deyir ki, bir müddət Mahmudovun canlı yayımlarını izləyib. O, başqa müğənnilər haqqında danışsa da, ona toxunmayıb:

"Manaf Ağayev haqqında danışırdı. Sonra Manafdan və Afət Fərmanqızıdan pul istədi. Onlar vermədi. Amma mən 1000 manat verdim. Bir nəfər cavan oğlan zəng elədi ki, Maqsud müəllim onu pula görə göndərir. Ona verdim".

“Bir saata silindi”

Təqsirləndirilən Mahmudov bildirib ki, müğənni Afət Fərmanqızı onun övladlarının şəklini sosial mediada paylaşıb. Onları "vətən xaininin uşaqları" adlandırıb. Bu hadisə o, Ukraynaya qaçıb gizləndiyi vaxt baş verib. Bu üzdən müğənni Afət Fərmanqızını canlı yayımda təhqir edib:

"Vasif yığıb dedi ki, niyə söyürsən onu? Məni Afətlə calaşdırdı, soruşdum ki, uşaqlarımın şəklini niyə yaymısan? Dedi ki, bir saata silinəcək. Həqiqətən də bir saata silindi".

Onun sözlərinə görə, Manaf Ağayevin dostu İlhamın ona 30 min manat borcu olub. Bu məsələ ilə əlaqədar aralarında söhbət olub.

O, Vasif Məhərrəmlidən 1000 manat aldığını təsdiqləyib: "Vasif dedi ki mən sənə qardaş payı verirəm..."

MTN işində zərərçəkmiş

Mahmudov həm də MTN generallarının işində zərərçəkmiş qismində tanınmışdı. İddia olunur ki, sabiq MTN-çilər onu şəxsi həyatına aid görüntülərlə şantaj edib, külli miqdarda pulunu alıblar.

İndi onun özünün işində zərərçəkmişlər arasında olan Aslan Qəhrəmanov deyir ki, Mahmudov o vaxt MTN-ə pul vermək üçün onun obyektini satıb:

"Maqsudla çox yaxın olmuşuq, anama "ana" deyib. Bir gün Maqsud dedi ki, MTN-ə işi düşüb, təcili 500 min manat pul lazımdı. Satmaq üçün restoranımı istədi. Razılaşmadım. Ağladı. Sonra məni yola gətirdi. Restoranımı 310 min dollara satdı. Dostumun maşınını da satdı..."

Pulunun bu günə qədər qaytarılmadığını deyən Qəhrəmanovun sözlərinə görə, keçmiş dostu Mahmudov ona Ukraynada olanda zəng edirdi. Deyirdi ki, pulu qaytaracaq.

615 min manat tələb edir

Zərərçəkmiş vurğulayıb ki, pulu dollarla vermişdi. O vaxtdan dollar bahalaşıb. Üstəlik, həmin obyektə görə icarə haqqı da alıb dolanırdı. Bunları nəzərə alaraq, indi 615 min manat pul tələb edir:

"Maqsud kimə nə borcludur, özü bilər, dövlət onun cəzasını verər. Hər şeyini qardaş-bacılarının adına keçirib. Bizdə borc namusdur, biz azərbaycanlı kişiyik...” – deyən zərərçəkmiş Mahmudovun ünvanına hədələyici ifadə işlədib.

Mahmudov dələduzluq, hədə-qorxu ilə tələb etmə və başqa əməllərdə suçlanır. Amma o, özünü təqsirli bilmir.

Mahmudov Ukraynaya getməmişdən öncə Bakıda müxalifətin keçirdiyi aksiyalarda prezidenti müdafiə edən şüarlar səsləndirirdi. Sonradan o, sosial şəbəkələrdə canlı yayımlarda Azərbaycan hökumətini tənqid edərək, təzyiqlərə görə qaçdığını iddia edirdi.