Luizianada 70 000 adam Federal Fəlakətlər Bəyannaməsi üzrə yardım siyahısına salınıb

Son bir neçə gün ərzində Birləşmiş Ştatların Luiziana ştatındakı sellər səbəbindən azı 13 nəfər ölüb, 40 000-dən çox ev ya tamamilə dağılıb.

Federal Fövqəladə Hallar rəsmiləri, xilasedicilər və könüllülər fəlakətin yardım əməliyyatlarına cəlb edilib. Luiziana ştatı 10 il əvvəl Katrina qasırğasının sıradan çıxardığı Nyu-Orlean şəhərini ancaq bərpa etmişdi. Bu dəfə isə zərbə ştatın Baton-Ruj şəhərinə dəydi.

Luiziana ştatının cənub bölgəsi sakinləri nə vaxtsa burada sel olduğunu xatırlamır. “Mən ömrüm boyu burada yaşamışam və heç vaxt bu yüksəklikdə su görməmişəm” deyə, Geoloji Araşdırmalar Mərkəzindən Kalvin Cons bildirir.

Gözlənilməz daşqınlar çox sayda insanı evsiz qoydu. İcma liderləri bəzən göz yaşlarını saxlaya bilmir və insanları təmkinli olmağa və dözümlülüyə çağırır. Denham Sprinqsin meri Gerard Lendri: “Biz qayıdacağıq, lakin buna uzun zaman lazım olacaq”.

Ceyms Leyn bunun uzun zaman alacağını yaxşı bilir. O, Baton-Ruja 2005-ci ildə, Katrina qasırğasının Sorrentodakı evini dağıtmasından sonra köçüb gəlib. “Biz Katrina zamanı hər şeyimizi itirdik və buraya gəldik. 10 il sonra isə hər şeyi yenidən itirdik.”

Keçən cümə günündən bəri 30 000-dən çox insan xilas edilib və xilasetmə işləri hələ də davam edir. Suyun səviyyəsi enməyə başlayan kimi bölgəyə ərzaq və yardım çatdırılmağa başlayıb. Ştatın 100-dən çox maqistral və kiçik yolları bağlanıb.

Prezident Obama bazar günü bölgəyə əlavə vəsait ayrılmasına göstəriş verib. Ağ Evin bildirdiyinə görə, 70 mindən artıq adam Federal Fəlakətlər Bəyannaməsi üzrə yardım siyahısına salınıb.

Artıq ianələr də başlayıb. Amerikanın məşhur pop-müğənnilərindən biri Teylor Svift Luizianaya 1 milyon dollar yardım göndərib.