Milad bayramında Hollivud ulduzları və könüllülər şəhərdəki evsizlərə yemək paylayır

Your browser doesn’t support HTML5

Televiziya ulduzları və yerli rəsmilər Los-Ancelesin Skid Rou məhəlləsində evsizlər üçün bayram şənlikləri təşkil edib. Könüllülər getdikcə artmaqda olan evsizlik problemi ilə qarşılaşan insanları sevindirməyə çalışıb.

Los-Anceles şəhəri və onun ətrafında əhalinin dörddə üç hissəsi, yəni təxminən 59 min insanın sığınacağı yoxdur və onlar küçələrdə, çadırlarda gecəməli olur. Havanın soyuq keçdiyi bu bayram mövsümü Hollivud ulduzları da daxil olmaqla, könüllülər şəhərdəki evsizlərə və digər sakinlərə yemək paylayır.

“Los-Anceles Missiyası” dini xeyriyyə təşkilatının yardımı ilə sığınacaq tapan keçmiş evsiz bir şəxs də burada hər il keçirilən bayram süfrəsinə qatılıb. Keçmiş evsiz Natan Pityakorn:

“Küçədə, çadırda yatmaq çox çətindir. Ayaqyoluna harada gedəcəyinizi belə bilmirsiniz.”

Milad şənliyi Los-Ancelesin aztəminatlı ailələri və çox sayda evsizin yaşadığı Skid Rou məhəlləsində bir ənənə halını alıb. Bu məhəllənin küçələrində yatanların həyatı çox çətindir.
"Yardım var, amma kifayət etmir. Buraya yüzlərlə, minlərlə insanın evlə təmin edilməsi lazımdır" deyə, Natan Pityakorn bildirir.

Evsizlərin sayı isə artmaqda davam edir. Bu il Los-Anceles dairəsində onların sayı 12 faizdən çox artıb. Könüllü Herb Smit: “Təəssüflər olsun ki, yardım etməyə çalışanlar çox olsa da, sığınacaq və yaşamaq üçün yerlər kifayət etmir.”

Gerçəklikdən uzaqlaşaraq, bir neçə saat Milad şənliklərinə başı qarışan bu insanları küçələrdə sərt reallıq gözləyir.