Londonda təkrar Brexit referendumun keçirilməsi tələbi ilə nümayiş keçirilib

Your browser doesn’t support HTML5

Şənbə günü bir milyondan çox insan Böyük Krallıq hökümətinin və qanunvericilərin razılıq əldə etməməsi səbəbilə Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı təkrar referendum keçirilməsi tələbi ilə nümayiş keçirib.

Birləşmiş Krallıq 2016-cı ilin iyun ayında 52-48 səs fərqi ilə Avropa İttifaqından çıxmaq lehinə səs verəndən sonra ölkə siyasi və iqtisadi hərc-mərcliyə düşüb. Onlar Aİ-dan iqtisadiyyata ən az ziyanla çıxmağın yolunu axtarır.

Liderlərinin razılıq əldə edə bilməməsindən və bu proses üçün çox vaxtın sərf olunmasından bezən britaniyalılar səslərini duyurmaq üçün küçələrə axışıb.

Etirazçılar əsasən gənc nəsildən ibarət olub. Onların əksəriyyəti Brexit agendasının əleyhinədir.

“Bu, iqtisadiyyata təsir göstərəcək, Avropada yaşayan bütün britaniyalılara təsir göstərəcək. Brexit işləməyəcək. Biz bunu ləğv etməliyik”, deyə 34 yaşlı mühəndis və Avropa İttifaqı tərəfdarı etirazçı Mark Uilyams bildirib.

“Mən düşünürəm ki, bu ölkədəki gənclərin çoxu Avropa İttifaqında qalmaq istəyir. Məncə iki il öncə Brexit referendumundan bəri təxminən 2 milyon insan 18 yaşına çatıb. Bu da refendumun nəticələrini dəyişmək üçün kifayətdir. Ona görə də yeni səsvermə keçirilməlidir”, bir digər etirazçı Sam Dey söyləyib.

Bundan əlavə iki ildir davam edən proses zamanı Brexitin çatışmazlıqları üzə çıxıb və bu səbəbdən də 2016-ci ildə Brexitin lehinə səs verənlər fikirlərini dəyişib.

“Mən iki il öncə Brexitin lehinə səs verdim. Amma əslində biz boş vədlərə səs verirdik, biz nə baş verdiyini bilmirdik və bizə bütün faktlar təqdim olunmamışdı. İndi önümüzdə faktlar var, son bir neçə ildir bu faktları toplamışıq və bu qərarın fəlakət olduğunu dərk edirik”, etirazçı Culian Uolters bildirib.

Birləşmiş Krallıq Avropa İttifaqını martın 29-da tərk etməli idi. Lakin Avropa Şurası Britaniya baş naziri Tereza Meyin irəli sürdüyü razılığın gələcək günlər ərzində parlamentdə təsdiq olunması şərtilə son möhlət tarixini mayın 22-dək uzatmağa razılaşıb. Britaniya parlamenti isə Meyin razılığını yanvar ayından bəri iki dəfə rədd edib.