London polisi 2020-ci ildə hökümət rəsmilərinin ölkədə koronavirus məhdudiyyətlərini pozub-pozmadığını müəyyən etmək üçün Baş Nazir Boris Consonun ofisində yığıncaq keçirilməsi ilə əlaqədar təhqiqata başladığını bildirib.
London Metropoliten Polis xidməti polisin COVID-19 qaydalarının "ən ciddi şəkildə" pozulması kiteriyalarına uyğun olduğu üçün Downing Strit-də tədbirlərlə bağlı təhqiqata başlayıb. Bu haqda Komissar Kressida Dik paytaxtın yerli hökumət şurası olan London Assambleyasına məlumat verib.
Boris Conson 2020-ci ilin yaz və qış aylarında Britaniyada əksər ictimai toplantıların qadağan edildiyi, insanların xəstəxanalarda tək öldüyü zaman adi vətəndaşların toylar və yas mərasimləri və ad günlərini qeyd etməməyə məcbur olduğu vaxt bir sıra ziyafətlərə qatıldığı ilə bağlı ifşalar fonunda istefa çağırışları ilə qarşılaşır.
Sözügedən yığıncaqlar artıq yüksək səviyyəli dövlət qulluqçusu Sue Gray tərəfindən də araşdırılır. Bu həftə onun tərtib etdiyi hesabatın çıxması gözlənilir. Hesabat Boris Consonun hakimiyyətdə qalıb-qalmayacağını müəyyən etmək üçün həlledici rola malik olacaq.
Conson 2020-ci ilin mayında Downing Strit-də ofislərin bağçasında keçirilən ziyafətə qatıldığı üçün üzr istəyib. Lakin o bunu o zaman mövcud olan sosial məsafə qaydalarına uyğun keçirilən bir iş toplantısı hesab etdiyini bildirib.
Digər tərəfdən ITV televiziya kanalı yaydığı məlumatda bildirir ki, Baş Nazir sözügedən məkanda ad günü şənliyində iştirak edib və daha sonra 2020-ci ilin iyun ayında rəsmi iqamətgahında dostlarının iştirakı ilə qonaqlıq verib.
Consonun ofisi toplantının qapanma qaydalarını pozduğunu təkzib edərək, baş nazirin o vaxtkı qaydalara uyğun olaraq az sayda ailə üzvlərini açıq havada qəbul etdiyini bildirib.
London Meri Sadqi Xan təhqiqatın aparılmasını dəstəklədiyini bildirib. "İctimaiyyət haqlı olaraq polisdən qorxu və güzəşt olmadan, kimliyinən asılı olmayaraq qanunu qorumasını gözləyir. Və mən aydın etmək istəyirəm ki, ictimaiyyət nümayəndələri Baş Nazir və onun ətrafındakılar da daxil olmaqla, hər kəsdən ən yüksək standartları gözləyə bilərlər. Heç kim qanundan üstün deyil. Hökumət üçün bir qayda, cəmiyyət üçün başqa bir qayda ola bilməz" - deyə, Sadiq Xan yaydığı açıqlamada deyib.
Polis bundan öncə koronavirus qaydalarının pozuntuları ilə bağlı adətən təhqiqat aparılmadığını irəli sürdüyü üçün "partygate" qalmaqalını araşdırmaya biləcəyinə görə tənqidlərlə qarşılaşmışdı.