Azərbaycan İllinoys ştatı ilə əlaqə qurmaq istəyir

Milli Məclisin binası

ABŞ-ın İllinoy ştatının Nümayəndələr Palatasının sədri Maykl Jozef Madiga Azərbaycan parlamentinin sədri ilə görüşüb
Noyabrın 19-da Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının sədri Maykl Jozef Madiga ilə görüşüb.Bu barədə Azərbaycan parlamentinin rəsmi saytı məlumat yayıb.

O. Əsədov bildirib ki, Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən Amerika ilə sıx dostluq əlaqələri qurub.

“Bu gün ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. ABŞ-ın İllinoys ştatı ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı da ümumi maraqlarımıza xidmət edir”, spiker qeyd edib.

O.Əsədov deyib ki, Milli Məclisdə ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

“İstərdik ki, ABŞ-ın ayrı-ayrı ştatları, eləcə də İllinoy ştatının parlamenti ilə də qarşılıqlı şəkildə belə dostluq qrupları yaradılsın”, o bildirib.

Maykl Jozef Madigan bildirib ki, Azərbaycan hökumətinin informasiya texnologiyaları ilə bağlı xüsusi layihələr hazırlaması və həyata keçirməsi təqdirəlayiqdir.

“İllinoys ştatı gələcəkdə bu sahədə Azərbaycanın təcrübəsindən bəhrələnə bilər”, İllinoys ştatının Nümayəndələr Palatasının sədri deyib.