Liviya paytaxtı Tripolidə üsyançılar hökumət qüvvələrinin kiçik müqavimətinə hələ rast gəlsə də, liviyalıların çoxu artıq gələcəyə baxaraq, tamamilə yeni bir ölkədə yaşayacaqlarına ümid edir.
Köhnə infrastruktur olduğu kimi qalır. NATO-nun hava hücumları nəticəsində bəzi hökumət binaları dağılıb, lakin şəhərdə su və elektrikin kəsilməsi, ərzaq qıtlığı kimi problemlər tədricən azalır.
Şəhər sakini Əbdül Qədr döyüşlərin dayanmasını və ölkədə bərpa işlərinin başlamasını arzu edir. 23 yaşlı Əbdül Qədr hələ də çiynində avtomat daşıyır və münaqişənin hələ bitmədiyini başa düşür.
Üsyançılar fəxrlə polkovnik Qəzzafinin plakatlarını hər yerdən çıxarır. Şəhərin bir sıra yoxlama məntəqələri boşdur. Əbdül Qədr bir-iki həftə belə olacağına inanır. Amma o deyir ki, müxalif qüvvələr birləşib birgə iş görməlidir. “Biz döyüşən komanda yarada bildiyimiz kimi, bərpa işləri üçün də komanda qura bilərik. Liviyanı tez bir zamanda yoluna qoymalıyıq”-deyə o, Amerikanın səsinin Tripolidə olan müxbiri Elizabet Arrotla söhbət zamanı bildirir.
Kompyuter mütəxəssisi kimi o, hər iki prosesdə iştirak etmək istəyir. Əbdül Qədr üç ay bundan əvvəl indi funksiya göstərməyən dövlət telviziyasında işini atıb üsyançılara qoşulub. O deyir ki, fevral ayında hadisələr başlayandan müxalifətə yaxın olub. “Hökumət strukturunda işləyəndə mən hər şeyi görürdüm. Mən inqilabın baş verdiyini gördüm, hökumət isə bunu başa düşmürdü.”
Əbdül Qədr müxalifət cərgələrinə açıq şəkildə bir qədər gec qoşulmasının səbəblərini izah edir. Onun atası internet forumunda islahatlara çağırırdı və hökumət bunu bildirdi. Həm ata, həm oğul etiraz nümayişləri başlayanda həbs edilmişdilər. O deyir ki, bu, polkovnik Qəzzafinin göndərdiyi xəbərdarlıq mesajı idi. “Mən ailəm və atama görə qorxurdum. Onlar onu öldürə bilərdilər. Bilirsiniz ki, Qəzzafi dəlisov adamdır”-deyə o söyləyir.
Insanlarda bu qorxu hissi polkovnik Qəzzafiyə ölkəni 42 il avtoritar şəkildə idarə etməyə kömək etmişdi. Ölkədə hökumət təsisatları mövcud olmayıb, eyni şəkildə vətəndaş cəmiyyəti də qurulmayıb. Lakin Əbdül Qədr yeni Liviyanın bir üstünlüyə malik olacağına ümid bəsləyir. “Bilirsinizmi, bu döyüşlərdə iştirak edən insanlar savadsız adamlar deyil. Onlar peşəkar insanlardır. Burada bizimlə çiynində silah daşıyan həkimlər, mühəndislər var. İnqilabda iştirak edən hər adamın qabiliyyəti var. “
Əbdül Qədrin fikrincə, bu adamlar silahı nə qədər tez yerə qoyub yeni cəmiyyət quruculuğuna başlasa, o qədər yaxşıdır. Gəncin özü Qəzzafidən sonra proqramların yayımlanması üçün bu həftə əvvəllər işlədiyi televiziya stansiyasına qayıdıb