ABŞ-ın Liviyadakı səfiri sorğu-sual edilib

Liviya hökuməti ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən Əl-Qaidənin yüksək səviyyəli üzvünün ələ keçirilməsi barədə əlavə məlumat əldə edilməsi üçün Amerikanın o ölkədəki səfiri Debora Consu sorğu-suala çəkib.

Liviyanın Ədliyyə Nazirliyi Əbu Anas Əl-Libinin şənbə günü Tripolidə ələ keçirildiyini və dindirilməsi üçün hərbi gəmiyə aparıldığını bildirib. Liviya hökuməti Libinin oğurlanması kimi qiymətləndirdiyi əməliyyata izahat tələb edir.

Dünən ABŞ dövlət katibi Con Kerri Libinin ələ keçirilməsini müdafiə edərək, bunun qanuni və müvafiq şəkildə həyata keçirildiyini deyib. Kerri bildirib ki, Liviya hökumətinin şikayətləri əsassızdır və Libi ədalət məhkəməsi qarşısına çıxarılacaq.

2000-ci ildə Nyu-Yorkun federal məhkəməsi Libini 1998-ci ildə Amerikanın Keniya və Tanzaniyadakı səfirliklərinin bombalanması planını hazırlamaqda günahlandırmışdı.

ABŞ-ın Federal Kəşfiyyat Bürosu onun haqda məlumat verənə 5 milyon dollar məbləğində mükafat vəd etmişdi.