Liviyada bomba hücumu zamanı beş nəfər ölüb

Liviyanın Misrata şəhəri yaxınlığında İslam Dövləti qrupunun məsuliyyəti öz üzərinə götürdüyü bomba hücumu nəticəsində beş nəfər ölüb.

Partlayıcılarla doldurulmuş avtomobil şəhərin qərb hissəsində yoxlama məntəqəsinin qarşısında partladılıb.

Siyasi baxımdan bölünmüş Liviyada Misrata şəhəri paytaxt Tripolidə qeyri-rəsmi hökumətə yaxındır. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ölkə rəhbərliyi isə Liviyanın şərqində Tobruk şəhərində qərargahlanıb.

Tripolidə yerləşən hökumətin baş naziri Xəlifə Ghvell xaricilərin ölkəyə gətirdiyi zorakılıq adlandırdığı hadisəni pisləyib. “Biz İslamı təmsil etdiklərini iddia edərək, Liviyaya gələn bu xainlərə qarşı mübarizə aparmaq və onları təqim etmək üçün ordu, polis və inqilabi qüvvələrə dəstək verəcəyik”-deyə o bildirib.

İslam Dövləti qrupunun tərəfdarları keçən ildən başlayaraq Liviyada xarici işçilərin edam edilməsi də daxil olmaqla, bir neçə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.