Beyrutda partlayış səbəbi ilə 135-dən çox ölü, 5000-dən çox yaralı var

Çərşənbə axşamı Livanın paytaxtı Beyrut limanında baş verən güclü partlayışdan sonra Livanın baş naziri Həsən Diab çərşənbə günü ölkədə matəm elan edib. Livanın Qırmızı Xaç təşkilatının bu gün səhər verdiyi açıqlamasında 135insanın öldüyü və azı 5000-dən çoxunun yaralandığı bildirilib.

Livanın Nazirlər Kabineti 2 həftəlik fövqəladə vəziyyət elan edib.

Xilasetmə dəstələri və itkin düşənlərin yaxınları binaların dağıntıları altında axtarışlar apardıqları üçün rəsmilər ölənlərin sayının daha çox olacağının güman edildiyini bildirib.

Çərşənbə axşamı baş verən partlayışın dəqiq səbəbi bəlli deyil. Lakin Livan rəsmilərinin bildirdiyinə görə, buna səbəb son altı ildə liman anbarlarında saxlanan tonlarla ammonium-nitrat olub.

Axşam saatlarında baş verən partlayış böyük bir göbələk buludu, limandan uzaqdakı binaların pəncərələrinin sınması, maşınların aşması və çox sayda binaya xəsarətlə müşayiət olunub. Nəticədə xəstəxanalar yardım üçün müraciət edən insanlarla dolub.

ABŞ-ın Beyrutdakı səfirliyi partlayış zamanı zəhərli qazların havaya yayıldığı barədə xəbərə gərə insanları içəridə qalmağa çağırıb.

Çərşənbə günü təcili kabinet iclası çağıran Livan prezidenti Mişel Aun partlayışa görə cavabdeh olanların "ən ağır cəzalarla" üzləşəcəyini deyib.

"2750 ton ammonium-nitratın profilaktik tədbirlər görülmədən, vətəndaşların həyatlarına təhlükə yaradaraq, 6 il bir anbarda saxlanması yolverilməzdir" - deyə, prezident tvitter səhifəsində yazıb.

Beynəlxalq ictimaiyyət ölənlərə görə başsağlığı verib və Beyrut sakinlərinə bərpa işlərində yardım təklif edib.

Fransa prezidenti Emmanuel Makron Livana təcili yardım həkimləri və bir neçə ton tibbi avadanlıq göndərdiyini, Rusiya isə həkimlərlə birlikdə səyyar xəstəxanalar da göndərdiyini bildirib.

İordaniya özünün səyyar xəstəxanasını və tibb işçilərini Livana göndərdiyini, İran prezidenti Həsən Ruhani isə hökumətinin tibbi yardım göndərməyə hazır olduğunu deyib.

Çex Respublikasının daxili işlər naziri Yan Hamaçek Livan liderlərinin axtarışlara yardım üçün 37 xilasetmə işçisi və itlər ilə göndərmək təklifini qəbul etdiyini bildirib.