Litva Lukaşenkonun iki ölkə arasındakı sərhədi miqrantlarla doldurduğunu bildirir

Litva deyir ki, son həftələrdə ölkəyə Belarusla sərhəddən miqrant axını başlayıb. Litva avtoritar lider Aleksandr Lukaşenkonu miqrant axınını təşkil etməkdə ittiham edib və miqrantların çoxunun İraqdan Bağdadla Minsk arasında sayı artan uçuşlar vasitəsilə gətirildiyini bildirib.

Vilnüs iddia edir ki, miqrantlar Belarusun paytaxtından Litva ilə sərhədə gətirilir və orada Belarus sərhəd mühafizəçiləri miqrantların Avropa İttifaqına üzv ölkəyə daxil olmasına göz yumur.

Vilnüs Lukaşenkonun ən sərt tənqidçilərindəndir və 66 yaşlı avtoritar avqust ayında bir çox seçicinin onun xeyrinə saxtalaşdırıldığını dediyi seçkidə altıncı müddətə prezident seçildiyini iddia edəndən sonra Belarusda iğtişaşlar başlayandan bəri Lukaşenkonun rəqiblərini dəstəkləyib.

Litva seçkinin həqiqi qalibi olduğu bildirilən Svetlana Tixanovskayaya və Belarusdakı zorakı təqbilər zamanı hədəf alınan digər insanlara sığınacaq verib. Vilnüs belarusların sığınacağına çevrilib və iki ölkə son həftələrdə aralarındakı münasibətlərin pisləşməsi ilə bir-birilərinin bir sıra diplomatlarını ölkələrindən çıxarıblar.

Litva sərhədində ilişib qalan miqrantların sayı artdığı üçün Vilnüs Avropa İttifaqının sərhəd mühafizə xidməti Frontex-dən yardım istəyib.

“Litva rəsmiləri ölkə sərhədində Frontex-in dəstəyini istəyiblər. İdarə hazırda ölkə rəsmiləri ilə yaxından işləyərən dəstəyinin dərəcəsini müəyyən etməyə çalışır,” Frontex-in mətbuat ofisi RFE/RL-ə email vasitəsilə bildiriblər.

Belarus və Litva təxminən 680 kilometr uzunluğunda sərhəd bölüşür. Bu sərhəd həmçinin Avropa İttifaqının xarici sərhədidir və onun 40 faizdən az bir hissəsinə elektron müşahidə sistemi ilə nəzarət olunur.

Litva həmçinin İraq və Türkiyədə rəsmiləri Minskə səfər edənləri diqqətli şəkildə nəzərdən keçirməyə çağırır. Rəsmilər Türkiyənin də Belarusa miqrant zəncirinin bir başqa başlanğıc nöqtəsi olduğunu düşünürlər.

“Biz İraq hökumətini, Türkiyə hökumətini ölkəni hava limanları vasitəsilə tərk edən insanların yoxlanışını artırmağa çağırmışıq. Biz müəyyən uçuşları bilirik və tədbirlərin görülməsinə çağırmışıq,” xarici işlər naziri Qabrielius Landsbergis iyunun 17-də Baltic News Service-ə (BNS) bildirib.

BNS bildirib ki, Litva Dövlət Sərhəd Mühafizəsi Xidmətinin məlumatına görə, bu il Belarusdan keçən 397 nəfər saxlanılıb. Müqayisədə 2020-ci ildə saxlanılan insanların sayı 81, 2019-da 46, 2018-də isə 104 olub.

“Aydındır ki, Litvaya qarşı hibrid müharibə aparılır və illeqal miqrasiya axını bunun bir üsuludur,” daxili işlər naziri Aqne Bilotaite iyunun 7-də bildirib.

Litva deyib ki, Belarusun sərhəd mühafizəçiləri miqrantların izlərini gizlədirlər, Bilotaite də bunun “rəsmilərin özlərinin onlarla əlbir olduğunu” göstərdiyini deyib.
O, Daxili işlər Nazirliyinin Litvanın silahlı qüvvələri ilə miqrant vəziyyətini həll etməyin yollarını müzakirə etdiyini bildirib.

Litva artan miqrant axını səbəbilə ölkəyə gələnlərə sığınacaq vermək və onları qeydiyyata almaq məqsədilə Vilnüsün şimal-şərqində Belarusla sərhədə yaxın Pabradedə müvəqqət düşərgə salıb.

Belarus, habelə İraq və Türkiyə rəsmiləri bu iddialarla bağlı şəh verməyib. Lukaşenko administrasiyası və Belarus Xarici İşlər Nazirliyi RFE/RL iyunun 18-də məsələ ilə bağlı şərh çağırışına cavab verməyib.