Litva Belarusun iki diplomatını “diplomatik statuslarına uyğun gəlməyən” fəaliyyətlərdə günahlandıraraq, ölkədən çıxarır. Bundan bir neçə gün əvvəl Vilnüsa uçan sərnişin təyyarəsinin zorla endirilərək müxalif fəalin həbs olunması beynəlxalq qalmaqala səbəb olub.
Xarici İşlər Nazirliyi 28 may tarixli açıqlamasında bildirib ki, Vilnüsdəki Belarus səfirliyinin iki işçisinə ölkədən getmək üçün yeddi gün vaxt verilib.
Xarici işlər naziri Qabrielius Landsberqis deyib ki, bu qərar həm də Belarusdan qovulan Latviya səfirliyinin bütün əməkdaşlarına “həmrəyliyin ifadəsidir”
Minskin bu addımı bu həftənin əvvəlində Latviya hakimiyyətinin Riqadakı xokkey üzrə dünya çempionatımda Belarus bayrağını nümayişdən çıxararaq Belarusun müxalifət hərəkatının istifadə etdiyi bayraqla əvəz etməsinə cavab idi.
Belarusa məxsus qırıcı təyyarə mayın 23-də Afinadan Litvanın paytaxtına gedən Ryanair təyyarəsini Minskə enməyə məcbur edib. Bundan sonra jurnalist və müxalifət fəalı Raman Prataseviç onunla birlikdə gedən sevgilisi Sofiya Sapega ilə birlikdə həbs olunub.
Avropa İttifaqı təyyarənin zorla endirilməsi və həbslərə cavab olaraq Belarusa qarşı mümkün iqtisadi sanksiyaları müzakirə edir.
Aleksandr Lukaşenko ötən avqustda keçirilən seçkinin qalibi elan olunandan sonra kütləvi etiraz aksiyaları zorakılıqla yatırılıb. Qərb bu zorakılığa görə ona və müttəfiqlərinə sanksiyalar tətbiq edib.
Litvanın Xarici İşlər Nazirliyi bəyanatında Belarusda “vətəndaş cəmiyyətinə və müstəqil mediaya davam edən repressiya”ya etiraz edib.
Nazirlik Prataseviç və Sapeqanın, eləcə də “digər siyasi məhbuslar və qanunsuz saxlanmış şəxslər”-in dərhal azadlığa buraxılmasını tələb edib.