Litva Avropa İttifaqını Belarus müxalifətinə yardım etməyə çağırıb

Litvanın xarici işlər naziri Linas Linkyaviçus

Litvanın xarici işlər naziri Linas Linkyaviçus Avropa İttifaqı rəsmilərini Belarusda demokratik hərəkata yardım göstərməyə, habelə yeni sanksiyalar tətbiq etmək yolu ilə Moskvanın Minskə təsirinin daha fəal şəkildə qarşını almağa çağırıb. Linkyaviçusun sözlərinə görə, Avropa İttifaqının Belarusda baş verənlərlə əlaqədar hərəkətsizliyi qurumun etibarını və nüfuzunu sarsıdır.

"Belarus xalqı özünü tərk edilmiş hiss etməməlidir. Biz onlara demokratik dövlətlər arasında mövcud olma perspektivi verməliyik", Litva xarici işlər naziri bildirib.

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Belarusda seçki nəticələrinin saxtalaşdırılması və etirazların qəddarlıqla dağıdılmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiq olunmasına dair razılığa gəlib. Lakin sanksiya siyahısı hələ hazırlanmayıb. Estoniya, Latviya və Litva öz təşəbbüsləri ilə prezident Aleksandr Lukaşenko da daxil olmaqla, Belarusun təxminən 30 rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus seçkilərini tənqid edib və nümayişçilərə qarşı basqıları qınayıb.

Minlərlə insan Aleksandr Lukaşenkonun hakimiyyətdə qalması ilə nəticələnən mübahisəli seçkilərdən sonra bir aya yaxındır davam edən nümayişlərin ardınca bazar günü yenidən Belarus şəhərlərinin küçələrində etiraz aksiyaları keçirib.

Seçkilərdən sonra başlayan nümayişlər Lukaşenko qarşısında ən ciddi sınaq hesab edilir.

Litva Lukaşenkonun Belarusun daxili işlərinə müdaxil etməkdə ittiham etdiyi Avropa ölkələrindən biridir.

Lukaşenko Avroatlantik alyansı ölkənin qərb sərhəddində hərbi qüvvə yerləşdirməkdə ittiham edib. Linkyaviçus Lukaşenkonun NATO hərbi qüvvələrinin Belarus sərhədlərində yerləşdirilməsi ilə bağlı açıqlamalarını yalan adlandırıb.