Xüsusi təyinatlı qüvvələr Ərdəbil zindanında aclıq aksiyasına başlayan Lisaniyə hücum edib

Abbas Lisani

Ötən günlərdə 1 il müddətinə azadlıqdan məhrum edilən Abbas Lisani zindanın 7-ci bölümünə salınıb. Məlumata görə, 7-ci bölmədə narkotik alüdəçiliyi və cinayət ittihamları ilə həbs edilən məhbuslar saxlanılır.

Amerikanin Səsinin əldə etdiyi məlumata əsasən, Abbas Lisani məhbus hüquqlarının pozulduğuna görə iyulun 25-dən aclıq aksiyasına başlayıb.

Ərdəbil zindanının 7-i bölümündə hava almaq üçün kiçik bir yer nəzərdə tutulub, lakin həmin yer də Lisani həbs edildikdən sonra qapadılıb. Cənab Lisaninin etirazına səbəb olan başqa səbəblər kimi telefon avtomatlarının işləməməsi, məhbusların ailələri ilə görüşlərinin qadağan edilməsi və Ərdəbil vilayətinin ərazisi olan Heyran gədiyinin Gilan vilayətinə verilməsi göstərilir.

Kərimulla Məhbubi - Ərdəbil Zindanının Rəisi

Verilən məlumatlara görə, bazar günü səhər vaxtı xüsusi təyinatlı qüvvələr Ərdəbil zindanının 7-ci bölümünə hücum edib. Buna səbəb tanınmış fəalın aclıq aksiyasına başlaması olub. Məlumata görə, Abbas Lisaniyə hədə-qorxu və fiziki təzyiqdən sonra iki nəfər bəluç kökənli əqidə məhbusu azərbaycanlı fəala yardım edib və onu müdafiə ediblər. Bundan sonra məmurların bəluç məhbusları qəddarcasına döyüblər. Məmurlarla Abbas Lisani və bəluç məhbuslar arasında olan qarşıdurmadan sonra zindanın rəisi Kərimulla Məhbubi “Mən Lisaninin qanına susamışam” deyə onu təhdid edib.