Bazar günü Liberiya Seçki Komissiyasının elan etdiyi nəticələrə müvafiq olaraq, ölkə prezidenti sabiq futbol ulduzu Corc Vea və hazırkı vitse-prezident Cozef Bokainin iştirakı ilə keçiriləcək ikinci mərhələdən sonra müəyyən ediləcək.
Liberiya Seçki Komissiyasının sədri Cerom Korkoyanın bildiridiyinə görə, Demokratik Dəyişiklik üçün Konqresin namizədi Corc Vea 572,453, Birlik partiyasının namizədi Cozef Bukai isə 427,550 səs toplayıblar. Bu, müvafiq olaraq seçkidə iştirak edən seçicilərin 39.0 faizinin Corc Veaya və 29.1 faizinin isə Cozef Buakiyə səs verdikləri deməkdir.
Seçkidə hec bir namizədin 50 faizdən çox səs toplamadığından, prezidentin müəyyən edilməsi üçün seçkilərin ikinci mərhələsi keçirilməlidir.
2.1 milyon qeydiyyatdan keçmiş seçicisi olan Liberiyada 70 ildən çox müddətdə ilk dəfədir ki, bir demokratik yolla seçilmiş hökümətdən digərinə keçid baş verir.
Seçicilər çərşənbə axşamı keçirilən səsvermədə Nobel Sülh Mükafatı laureatı və Afrikanın seçilmiş ilk qadın dövlət başçısı Ellen Conson-Serlifdən sonra dövlətə rəhbərlik edəcək şəxsi seçirlər. Conson-Serlif Liberiya konstitusiyasına müvafiq olaraq iki altı illik müddət prezident olduqdan sonra dövlət başçısı vəzifəsini tərk edir.
Serlif 14 il davam edən və 2003-cü ildə bitən vətəndaş müharibəsindən sonra ölkəyə sülh dövründə rəhbərlik edib. Buna baxmayaraq, korrupsiya hallarının hələ də geniş yayılmış olduğu Liberiya 2014 və 2015-ci ildə 5,000 insanın həyatına son qoymuş Ebola böhranından sonra dirçəlməyə çalışır.