Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İctimai Palatanın aprelin 2-də Fəvvarələr meydanında mitinq keçirməsi ilə bağlı bəyanatına münasibət bildirib.
Şöbə müdiri Media Forum saytına müsahibəsində deyib ki, etirazçıların Fəvvarələr meydanına daxil olmasının qarşısı qətiyyətlə alınacaq. “Ora mitinq yeri deyil. O meydanda mitinq keçirilməsinə icazə verilməyib. Ona görə də polis mitinq keçirmək istəyənlərin qarşısını birmənalı şəkildə və qətiyyətlə alacaq”.
Onun fikrincə, minlərlə insanın küçələrə çıxacağı haqda deyilənlərin heç bir əsası yoxdur, bu mümkün deyil. “Ötən dəfə olduğu kimi, yenə də 150-200, maksimum 300 nəfər meydana çıxmağa cəhd edəcək. Bu gün və sabah onlar qayda-qanuna dəvət olunacaqlar. Onlarla bağlı tədbirlər görüləcək”.
Cənab Həsənov həmçinin saytın martın 31-də Yeni Azərbaycan Partiyasının bir qrup üzvünün AXCP sədri Əli Kərimlinin şəhərin mərkəzində yerləşən evinin qarşısında piket keçirməsi ilə bağlı sualına da cavab verib. Jurnalistin Əli Kərimlinin evinin qarşısında aksiya xeyli davam edib, çıxışlar olub. Piket yürüşlə başa çatıb. Bakı Şəhər İcra Hakimiyyəti həmin yerdə piket keçirilməsinə icazə verməyib. Buna baxmayaraq polis piketə müdaxilə etməyib, prosesi kənardan izləyib. Kütləvi aksiyalara belə ikili yanaşmanı necə qiymətləndirirsiz?, - sualının cavabında şöbə müdiri deyib ki, müxalifət də dəfələrlə bu tip piketlər keçirib və bundan sonra da keçirəcək. “Piket başqa, mitinq başqa. Bir qrup adamın bir necə dəqiqəliyə bir yerə yığılması başqa, 4-5 saat şəhərin mərkəzi hissəsində nəqliyyatın və insanların hərəkətini iflic etmək başqa. Orada piket keçirənlərin buna icazə alıb-almadıqlarını bilmirəm. Düşünürəm ki, əgər ora çıxıblarsa, deməli, icazə alıblar”, - deyə o qeyd edib.