Əli Həsənov: Amerika ilə Azərbaycan tərəfdaşdır və Azərbaycan hökuməti bu tərəfdaşlıq münasibətlərini davam etdirmək əzmindədir

Əli Həsənov: Amerika ilə Azərbaycan tərəfdaşdır və Azərbaycan hökuməti bu tərəfdaşlıq münasibətlərini davam etdirmək əzmindədir

Rəsmi Bakı müxalifətin birgə bəyanatına, Amerika Dövlət Departamentinin seçkilərlə bağlı açıqlamasına, blogerlərin həbsi və Amerika-Azərbaycan əlaqələrinə münasibət bildirib

Azərbaycan Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə müxalifətin birgə bəyanatına, Amerika Dövlət Departamentinin seçkilərlə bağlı açıqlamasına münasibət bildirilir, blogerlərin həbsi və Amerika-Azərbaycan münasibətlərindən danışılır.

Sual: Amerika Dövlət Departamentinin Azərbaycandakı parlament seçkiləri ilə bağlı bəyanatını necə qiymətləndirirsiniz?

Cavab: Bu bəyanata dünən Azərbaycan dövlətinin cavabı açıqlanıb. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ABŞ-ın bu bəyanatı əvvəlki illərdən fərqli olaraq beynəlxalq müşahidəçilərin bəyanatından fərqlənir. Beynəlxalq müşahidəçilər seçkiyə daha pozitiv qiymət verib, seçkinin 90 faiz məntəqələrdə yaxşı keçdiyini, 10 faiz məntəqələrdə müəyyən nöqsanlar olduğunu qeyd etsə də, ABŞ bu seçkiləri birbaşa beynəlxalq standartlara cavab verməyən seçki kimi dəyərləndirib. Bu isə Azərbaycan hökumətində təəccüb və təəssüf hissi doğurur.

Sual: Bu gün altı müxalifət partiyası seçkinin leğitimliyini və nəticələrini tanımadığını bəyan edib. Buna münasibətiniz necədir?

Cavab: Əlbəttə, seçkidə uduzan, parlamentə keçə bilməyən partiyanın belə bəyanatı təəccüblü deyil. Bəllidir ki, bu insanlar özlərinin bütün fəaliyyətini nəticə ilə bağlayır. Biz isə seçkinin nəticələrini hansısa insanın və ya partiyanın parlamentə düşməməsi ilə deyil, daha çox ictimai etimadla qiymətləndiririk. Azərbaycandakı bu ilki seçkilər bütün əhalinin etimadını qazanıb. Ona görə də, parlamentə düşə bilməyən partiyaların seçkilərin nəticələrini mənfi qiymətləndirməsini təbii qarşılayırıq.

Sual: Amerika-Azərbaycan münasibətlərinin gələcək inkişafını necə görürsünüz?

Cavab: Çox yaxşı, çox gözəl. Biz hesab edirik ki, Amerikanın bəzi dairələrinin bəzi məqamlarda, ayrı-ayrı anlarda Azərbaycanla bağlı bu və ya digər subyektiv mülahizələri istisna olmaqla, bu dövlətlə Azərbaycan arasındakı münasibətlər tam tərəfdaşlıq istiqamətində, tam tərəfdaşlıq maraqlarına söykənərək inkişaf edir və gələcəkdə də inkişaf edəcək. Amerikada erməni lobbisinin təsiri ilə bəzən anti-Azərbaycan meylləri mövcud olur və bu meyllər reallaşdırılır. Məsələn, iki ilə yaxındır ki, Amerika həmin lobbinin təsiri nəticəsində Azərbaycana səfir təyin edə bilmir. Eyni zamanda, Azərbaycanda bu tipli proseslərin qiymətləndirilməsində ayrı-ayrı lobbi təşkilatlarının və adını qeyd etdiyim erməni lobbisinin təsiri hiss edilir. Demokrat partiyasının dəstəyi ilə parlamentə düşən və ya təsiri ilə inkişaf edən insanların Azərbaycana qarşı münasibətləri sezilir. Bunları bir yana qoysaq, iki ölkə arasındakı münasibətlər qarşılıqlı maraqlara əsaslanır, qarşılıqlı mənafelərə cavab verir. Həm enerji, həm beynəlxalq təhlükəsizlik sahəsində, həm də regional enerji layihələri və təhlükəsizlik sahəsində Amerika ilə Azərbaycan tərəfdaşdır və bu tərəfdaşlıq münasibətlərini Azərbaycan hökuməti davam etdirmək əzmindədir.

Sual: Azərbaycan və Amerika prezidentlərinin görüşündə həbsdə olan blogerlərin məsələsi də gündəlikdə olub. Ümumiyyətlə blogerlərin və jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsi məsələləri nə yerdədir?

Cavab: Biz bu məsələləri iki dövlət arasındakı məsələlər səviyyəsinə qaldırmaq fikrində deyilik. Amerika və Azərbaycan prezidentləri daha aktual, daha qlobal məsələləri müzakirə edib. Söz əsnasında əlbəttə, o məsləyə və Azərbaycanda söz, mətbuat azadlığı və digər məsələlərə də toxunulub. Bu istiqamətdə Azərbaycan hökuməti qanunun və mövcud şəraitini imkan verdiyi bütün demokratik inkişaf dəyərlərini həyata keçirir və gələcəkdə də həyata keçirəcək.

Sual: Yeni parlamentdə əsas müxalifət hesab edilən siyasi partiyaların bir nəfər nümayəndəsi belə təmsil olunmayacaq. Yeni parlamentdə müzakirələr prosesini necə qiymətləndirərdiniz?

Cavab: Biz əsas və qeyri əsas müxalifət anlayışına bir az fərqli baxırıq. İqtidarın kursunu bəyənməyən və ona qarşı çıxan bütün insanları və siyasi partiyaları müxalifət hesab edirik. Düşünürük ki, bu parlamentdə iqtidarın siyasi kursunu bəyənməyin, fərqli mövqedən çıxış edən kifayət qədər siyasi partiyalar və deputatlar var.