"ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri əhəmiyyətli hadisədir. Ən azından ona görə ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə iştirak edir. Bu barədə “Amerikanın səsi” radiosuna müsahibəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
O hesab edir ki, ABŞ-ın münaqişənin nizamlanması üzrə mövqeyi Azərbaycan xalqı və dövləti üçün maraqlıdır. “Bakı digər dövlətlərlə əlaqələrinə onların Dağlıq Qarabağ probleminə münasibəti prizmasından baxır”.
Bundan başqa, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunacaq. Azərbaycan uzun illərdir ABŞ-la birlikdə terrora qarşı qlobal mübarizədə, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edir, qlobal enerji təhlükəsizliyinin təmin edilməsində vahid strategiya həyata keçirir.
Azərbaycan ABŞ-la demokratiya, insan hüquqları və vətəndaş cəmiyyətinin qurulması sahəsində əməkdaşlıq edir.
Cənab Həsənov ABŞ Dövlət katibinin səfərinin “kifayət qədər səmərəli nəticə verəcəyinə” və Amerika-Azərbaycan münasibətlərinin daha da inkişafına təkan verəcəyini bildirib.
Amerika radiolarının FM tezliklərdə yayımının bərpası mümkünlüyü barədə suala cavabda cənab Həsənov deyib ki, “bu məsələ gündəlikdə yoxdur”.
“Biz bunu etməyəcəyik. Bizim FM resurslarımız məhduddur və onlar yalnız yerli teleradio yayımçıları üçün nəzərdə tutulub”.