LGBT hesabatında Azərbaycan

Fevralın 4-də Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assiosiasiyası (ILGA-Europe) LGBTI hüquqlarına dair illik hesabat açıqlayıb.

Bu hesabat 54 ölkədə ötənilki vəziyyəti əks etdirir. Sənəd Avropa və Orta Asiyanı əhatə edir.

Hesabatın Azərbaycana aid hissəsində də bəzi məqamlara toxunulur, il ərzində bu sahədə diqqət çəkmiş hadisələr sadalanır.

Fevralda Avropa İnsan Hüquqları Məhkəməsi “A Azərbaycana qarşı” işi, eləcə də hökumətlə bağlı 24 ərizə üzrə kommunikasiyaya başlayıb. O zaman 80 LGBT üzvünün saxlandığı, işgəncə, pis rəftarla üzləşdiyi bildirilirdi.

Hesabatda ötən il aprelin 1-də Bakıda polisin azı 8 gey və trans seks işçisini saxladığı, bunun LGBT təmsilçilərinə qarşı yeni həbs dalğasının başlanğıcı olduğu qeyd edilir. Bir neçə gün sonra azı 7 nəfər saxlanıb. Çoxları məcburi yoxlamadan keçirilib, bəziləri kiçik xuliqanlığa görə cərimələnib, 10-30 günlük administrativ həbslə cəzalandırılanlar olub.

“Onlar bizi görüş yerinə çağırdılar, sonra qandalları çıxarıb bizi polis departamentlərinə apardılar”, qurbanlardan biri danışıb.

Daha sonra hesabatda il ərzində LGBT icmasının üzləşdiyi iddia olunan digər qısnama, hücum halları sadalanır. Hesabatda “Elina Hacıyeva” nın işi də yer alıb.

Azərbaycanda homoseksuallıq 2000-ci ildə qanuniləşdirilib. Ancaq ILGA beynəlxalq insan haqları qrupu 2016-cı ildə bildirib ki, bu ölkədə geylərin hüquqları Avropada ən pis qorunanlar sırasındadır.

Azərbaycan hakimiyyəti isə tənqidləri qəbul etmir. Daxili İşlər Nazirliyi bəyanatlarında polisin cinsi azlıqları təqib etmədiyini, həbslərin fahişəliyə qarşı kampaniya çərçivəsində aparıldığını bəyan edir.

“Cinsi azlıq təmsilçiləri heç vaxt ölkəmizdə təqibə məruz qalmayıb. Ancaq bu, heç də onların qanunsuz hərəkətlərə görə məsuliyyət daşımaması anlamına gəlmir”, nazirlik 2017-ci il reydləri ilə bağlı açıqlamasında bildirirdi.